Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb.
"Report" xəbər verir ki, Sərəncamla Nazirlər Kabineti Parkın ərazisinin genişləndirilməsi məqsədilə Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istifadəsində olan 18,415 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Təmiz Şəhər” ASC-nin istifadəsinə verilməsi ilə bağlı 3 ay müddətində tədbirlər görüb dövlət başçısına məlumat verməlidir.
Nazirlər Kabineti, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan İnvestisiya Holdinqi isə sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.