Azərbaycanda rüşvətlə bağlı cinayətlər 3,8 dəfə azalıb.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə terror xarakterli cinayətlər 3,4 dəfə, kibercinayətlər 3,0 dəfə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma 90,0 faiz, hədə-qorxu ilə tələb etmə 63,2 faiz, yanğın təhlükəsizliyi qaydalarını pozma 44,4 faiz, dələduzluq 23,6 faiz, mənzil toxunulmazlığını pozma 22,2 faiz, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma 20,1 faiz, xuliqanlıq cinayətləri isə 14,7 faiz artıb:
"Bununla yanaşı, qanunsuz sahibkarlıq 7,0 dəfə, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə 4,0 dəfə, rüşvət cinayətləri 3,8 dəfə, yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə 2,8 dəfə, istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma 2,2 dəfə, mənzillərdən edilən oğurluqlar 42,8 faiz, soyğunçuluq 41,3 faiz, adam oğurluğu 26,7 faiz (onlardan evlənmək məqsədilə adam oğurluğu 20,0 faiz), ekoloji cinayətlər 16,9 faiz, avtonəqliyyatın qaçırılması 12,8 faiz, quldurluq cinayətləri isə 10,3 faiz azalıb".