Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) nəşr etdiyi iki cildlik "Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)" kitabının təqdimat mərasimi keçirilib.
“Report”un xəbərinə görə, təqdimat mərasimində BDU-nun rektoru Elçin Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Ombudsman Səbinə Əliyeva, Milli Məclisin komitə sədrləri, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və Azərbaycanın azadlığı və müstəqilliyi uğurunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantını giriş sözü ilə açan BDU-nun rektoru, layihənin rəhbəri və kitabın elmi məsləhətçisi Elçin Babayev ümummilli lider Heydər Əliyevin məzunu olmağı ilə daim fəxr etdiyi Bakı Dövlət Universitetinin hazırlayıb ərsəyə gətirdiyi “Azərbaycan Respublikasının tarixi” kitabının təqdimat mərasiminin iştirakçılarını salamlayıb:
“Əminəm ki, müstəqil Azərbaycanın tarixini özündə sistemli, əhatəli, etibarlı tarixi mənbələr əsasında əks etdirən kitab elmi ictimaiyyət, tarixçilər, politoloqlar tərəfindən rəğbətlə qarşılanacaq. Dövlət müstəqilliyi hər birimiz üçün böyük sərvətdir. Bu gün Azərbaycan regionun və dünya siyasətinin aparıcı qüvvələrindən birinə çevrilib. Müstəqil Azərbaycan dedikdə ümummili lider, ölkənin inkişafına həyatını sərf edən Heydər Əliyevi anlayırıq. Bu gün qarşımızda duran ən vacib məsələlərdən biri də yüksəliş və zəfər tariximizin daha da dərindən öyrənilməsi, gələcək nəsillərə çatdırılmasıdır”.
Rektor qeyd edib ki, kitabın Qarabağ zəfərindən sonra ərsəyə gəlməsi olduqca əlamətdar və qürurvericidir:
“Azərbaycan tarixinin son 30 illik dövrünə, dövlətimizin və xalqımızın müstəqillik və azadlıq uğrunda keçdiyi yola, müasir dövrdə misli görünməmiş sürətlə tərəqqisi və inkişafına, xüsusilə Qarabağ zəfəri və onun siyasi nəticələrinə müfəssəl şəkildə toxunan “Azərbaycan Respublikasının tarixi” kitabı tariximizin daha dolğun və ətraflı əks etdirilməsi istiqamətində atılmış ilk addımlardan biridir. Kitabın əsas qayəsi ölkəmizin 30 ildə keçdiyi tarixi inkişaf yolunu – müstəqilliyinin ilk illərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan, əraziləri qəsb olunmuş, siyasi, iqtisadi böhran məngənəsində boğulan dövlətdən bugünkü güclü iqtisadiyyata, qüdrətli orduya, milli həmrəyliyə malik, regionda lider dövlətə çevrilməsini, bu yolda maneələrin məharətlə dəf olunmasını, milli maraqlara söykənən uğurlu daxili və xarici siyasətin həyata keçirilməsini və s. olduğu kimi, tarixi faktlarla əks etdirməkdir. Kitab tariximizin yüksəliş və zəfər mərhələsi ilə yekunlaşır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksəliş və Zəfər tariximiz isə davam edir, bu şanlı tarixin hər gün yeni-yeni parlaq səhifələri yazılır”.
Təhsil nazirinin müavini Firudin Qurbanov isə deyib ki, kitab yüksək mənəvi ruhda yazılıb:
“Bu gün ölkəmizin sürətli inkişafını müzakirə edirik. Biz tarixi qələbə qazanmışıq. Bütün bunların kitabda yer alması isə olduqca önəmlidir. Biz çox çətin bir yol keçmişik. Kitaba nəzər yetirəndə bunu açıq şəkildə görmək mümkündür. Orada çətinliklər gizlədilməyib və onları necə aradan qaldırmaq da göstərilib. Kitabda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin də fəaliyyəti çox gözəl şəkildə qeyd olunub. Bunları dəyərləndirmək çox vacibdir. Bu kitab gənclərin vətənpərvərlik ruhunda böyüdülməsində xüsusi rolu olacaq. Onu da qeyd edim ki, təhsil müəssisələrində bu kitabın öyrənilməsinə xüsusi diqqət göstərəcəyik”.
Ombudsman Səbinə Əliyeva da çıxışı zamanı kitabda tarixi faktların qeyd olunduğunu bildirib:
“Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzası ləğv edilib. Kitabda bu məsələ də ilk mənbədən istifadə olunmaqla təhlil olunub. Ombudsman institutu birbaşa olaraq ulu öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə yaradılıb. İlk əfv sərəncamının imzalanması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Kitabın ikinci cildində Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və uzaqgörən siyasətin nəticələri geniş təhlil edilib. Kitabda həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinə də toxunulub”.
Tədbir çıxışlarla davam etdirilib.