Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olub. Orta məkbəti 1979-cu ildə bitirib, əmək fəaliyyətinə İmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində başlayıb. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olub, 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Fəal ictimaiyyətçi olduğuna görə ikinci kursdan fakültənin komsomol təşkilatının katibi olub.
1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışsa da, mətbuata, jurnalistikaya olan meyili və istetadı onu bu sahəyə gətirib. Təməli 1991-ci ildə "Molla Nəsrəddin" jurnalı ilə qoyulan jurnalist karyerası sonradan televiziya ilə davam edib. 2006-cı ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ildən isə Milli Məclisin mətbuat katibidir. Akif Təvəkküloğlu Milli Məclisin mətbuat katibi təyin olunduğu gündən ali qanunverici orqanın mətbuatla işinin yüksək səviyyədə qurulması ilə diqqət çəkib.
- Akif Təvəkküloğlunun adi iş günü necə başlayır?
- Hər kəs gün ərzində işə necə başlayırsa, məndə də eyni qaydada olur. Yəni, heç bir qeyri-adi iş günüm yoxdur. Saat 9-da işdə olmaq üçün hər səhər saat 6 və ya 7-nin yarısında yuxudan oyanıram. İşə gəldikdən sonra isə əsas vəzifəm gün ərzində mətbuatla sıx əməkdaşlıq etməkdir. Təbii ki, hər kəsdə olduğu kimi, mənim iş rejimimdə də müəyyən çətinliklər olur. Lakin bununla yanaşı işimin bir çox xoş tərəfləri də olur. Öz işimizi seviriksə, deməli özümüzü bu dövlətin layiqli əsgəri kimi aparmalıyıq.
- Televiziyadan çıxıb ali qanunverici orqanda işləmək çətin olmadı ki?
- Düşünürəm ki, insanlar səmimi olsalar heç bir işdə çətinlik olmaz. Bu bir reallıqdır ki, insan hər hansı bir işə başlayırsa, mütləq şəkildə çətinlikləri olur. Lakin zamanla hər şey öz yoluna düşür və sonradan bütün çətinliklərin arxada qaldığını görürük. Jurnalistlərlə işləmək xoş olduğundan onlarla yaşadığım anların heç birini çətin hesab etmirəm.
- Sizə gün ərzində neçə jurnalist zəng edir?
- İnanın ki, bu barədə heç bir hesablama aparmamışam. Lakin gün ərzində çoxlu zənglər olur. İş vaxtı, hətta işdən sonra da zənglər davam edir. Bütün zənglərə çalışdığım qədər cavab verirəm. Təbii ki, bu, mənim üçün çox xoşdur.
- Deməli, telefonunuz 24 saat açıqdır...
- Bəli, telefonumu heç vaxt söndürmürəm.
- Ailə üzvləriniz gərgin iş rejiminizdən şikayətlənmirlər?
- Vaxtımı səmərəli şəkildə bölüşdürürəm ki, nə iş ailəyə, nə də ailə üçün ayrılan vaxt işə mane olmasın.
- Ad günlərinizdə ilk təbriki kimdən alırsınız?
- Hər zaman olduğu kimi ilk təbrikimi ailə üzvlərimdən alıram.
- Bu il yubiley olmasa da ad gününüzü necə keçirməyi planlaşdırırsınız?
- Yaş üstünə yaşın gəlməsi o qədər də xoş olan bir şey deyil (gülür)... Sadəcə, illər insanı qocaldır. Ona görə də builki ad günüm əvvəlkilərdən fərqlənməyəcək.