Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 24 saylı Nizami Birinci Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular qeydə alınıb.
"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK katibi Arifə Muxtarova bununla bağlı həmin dairədə qeydə alınmış namizəd Şükürova Ülviyyə Məmməd qızının komissiyaya müraciət etdiyi barədə təqdimat verib:
"Namizəd səsvermə günü məntəqələrdə səslərin hesablanmasının düzgün aparılmadığını, seçicilərin seçki hüququnu həyata keçirməsinə zidd halların baş verdiyini iddia edib. Onun müraciəti öncə dairə seçki komissiyası tərəfindən araşdırılıb və əsassız hesab edilib. Qərardan narazı qalan ərizəçi MSK-ya şikayət bildirərək, müvafiq protokol və sənədlər təqdim edib. Səsvermə günü sosial şəbəkələrdə yayılan görüntülər və digər materialların araşdırılması zamanı seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntuları aşkarlanıb. Buna görə də, dairənin 4, 6, 28, 31, 33 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilib".