Yuxarı
    Bağlamaq

    "Qarabağın səsi" adlı rəsm əsərlərinin sərgisi və ədəbi-bədii tədbir keçirilib

    Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2 yaşlı şəhid Zəhraya həsr etdiyi şeirlər səslənib© Report/ Elchin Murad

    Bakı. 24 fevral. REPORT.AZ/ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan "Qarabağın səsi" adlı rəsm əsərlərinin sərgisi və ədəbi-bədii tədbir keçirilib.

    "Report" xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Prezident Administrasiyasının şöbə müdirləri, deputatlar, Xocalı soyqırımının şahidləri, xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.

    "Qarabağın səsi" aksiyasına qısa müddət ərzində 300-dən çox rəsm əsəri təqdim olunub. Sərgi üçün nəinki ölkə daxilindən, hətta Rusiya, Türkiyə, İsveç və İsraildən əsərlər təqdim olunub. Sərgidə seçim mərhələsindən keçən 110 müəllifin 120 əsəri nümayiş olunur.

    Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçılarına "Qarabağın səsi" aksiyası layihəsinin kollektivi tərəfindən Azərbaycanın tanınmış incəsənət xadimlərinin də iştirak etdikləri Xocalı soyqırımı ilə bağlı hazırlanmış ədəbi-bədii proqram təqdim olunub.

    Tədbirdə eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2 yaşlı şəhid Zəhraya həsr etdiyi şeirlər səslənib.

    Tədbirdə Xocalı sakini Rəhilə Quliyeva çıxış edərək şahidi olduğu faciədən bəhs edib. R.Quliyeva xalqımızın qan yaddaşının qorunması, məruz qaldığı faciələrin dünyaya çatdırılması istiqamətində belə tədbirlərin, layihələrin, aksiyaların həyata keçirilməsinin vacibliyinə toxunub.

    Tədbirin sonunda "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək olaraq "Dərdimi çəkirəm" filmi nümayiş olunub.

    Qeyd edək ki, bugünkü tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində baş tutub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi