Türkiyə XİN: “Azərbaycanın yanındayıq”

Türkiyə XİN: “Azərbaycanın yanındayıq” Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutulması ilə bağlı bəyanat yayıb.
Dağlıq Qarabağ münaqişəsi
9115
13 İyul , 2020 01:42
Türkiyə XİN: “Azərbaycanın yanındayıq”
0 : 00
0 : 00

Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması ilə bağlı bəyanat yayıb.

“Report” xəbər verir ki, bəyanatda deyilir:

“Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu qətiyyətlə pisləyirik. Həyatını itirən azərbaycanlı şəhidlər üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik.

Ermənistanın xəstə təfəkkürlü millətçilik anlayışının yeni bir forması olan bu hücumun qarşısının Azərbaycan tərəfindən qətiyyətlə alınması təcavüzkar niyyətin cavabsız qalmayacağını göstərib.

Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini illərlə qanunsuz işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarından başqa yerlərə çəkmək və münaqişəyə yeni ölçülər əlavə edərək problemin siyasi dialoq yolu ilə həllinə mane olmaq cəhdləri nəticəsiz qalmaqdadır.

Həddini aşan əməllərlə sərgüzəştlik etmək Ermənistanın zəifliyini ortaya qoyur, bölgəmizdəki sülh və sabitliyə qarşı böyük maneə yaradır.

Erməni tərəfi belə təhlükəli taktikalardan əl çəkməli, ağıllı və hüquqi yolu seçməlidir.

Ümid edirik ki, Ermənistanın təcavüzünü ört-basdır etmək səyləri beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək.

Türkiyə ərazi bütövlüyünü qorumaq mübarizəsində bütün imkanları ilə Azərbaycanın yanında yer almaqda davam edəcək”.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq, ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.