Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Times” qəzetində “Pandemiya Dağlıq Qarabağ regionunda həlli uzanan Ermənistan-Azərbaycan münaqişəsini işıqlandırır” ("Pandemic highlights the protracted Azerbaijan-Armenia conflict in Nagorno-Karabakh region") adlı məqaləsi dərc edilib.
"Report"un xüsusi müxbiri xəbər verir ki, diplomat məqaləsində Azərbaycanda aparılan islahatlar barəsində məlumat verib və Ermənistan xarici siyasətində baş verən çaşqınlıqları gündəmə gətirib.
E.Süleymanov koronavirus pandemiyasının insanların sağlamlığı və dövlətlərin iqtisadiyyatına ziyan vurması fonunda beynəlxalq institutlar və siyasətə dair bir sıra stereotipləri sındıraraq dünyada status-kvonun dəyişməsindən bəhs edib.
Səfir Xəzər dənizi regionunda Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə, həmçinin son dövrlərdə Macarıstanı (müşahidəçi qismində) bir araya gətirən Türk Şurasının səmərəli əməkdaşlıq formatına çevrildiyini deyib. O, bu təsisatın ABŞ-ın Mərkəzi Asiya strategiyasının vacib hissələrindən olan Asiya və Avropa arasında İpək Yolu boyunca dəmir yolu daşınmalarının həcminin artırılmasında qarşılıqlı və uğurlu əməkdaşlığa çevrildiyindən yazıb. Səfir qeyd edib ki, Türk Şurası Azərbaycanın sədrliyi altında koronavirus pandemiyası ilə mübarizəyə həsr olunmuş dövlət başçıları səviyyəsində onlayn zirvə görüşünü keçirən ilk beynəlxalq təşkilatdır.
“Azərbaycan texnokrat və nəticələrə yönəlmiş kadrları dövlətdə əsas vəzifələrə gətirməklə hökumət islahatları keçirir” deyən diplomat ABŞ prezidenti Donald Trampın bu ay Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda ölkəmizin suverenliyi və müstəqilliyinə öz güclü dəstəyini ifadə etdiyini bildirib.
Məqalədə həmçinin pandemiya fonunda regionun üzləşdiyi çətinliklərə, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinə nəzər salınıb. E.Süleymanov Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun 30 ilə yaxındır etdiyi vasitəçiliyin nəticəsiz qaldığını vurğulayıb. Pandemiya dövründə də bu görüşlərin davam etdiyini deyən səfir onların vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfransının baş tutduğunu və birgə bəyannamə qəbul edildiyini açıqlayıb.
E.Süleymanov Cənubi Qafqazda gedən inkişafa baxmayaraq, Ermənistanın qeyri-sabit və təhlükəli status-kvonu saxlamağa davam etdiyini bildirib: “Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan 2009-cu ildə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən təsdiqlənən və gələcək sülh razılaşması üçün əsas məqamları əks etdirən Madrid prinsiplərinə qarşı çıxaraq Z.Mnatsakanyanın təkzibinin daha sonra digər erməni rəsmiləri tərəfindən təkrarlandığını nəzərə alsaq, maraqlı məqam odur ki, o, bu prinsiplərə qarşıdırsa, son iki ildə fəal şəkildə nə barəsində danışıqlar aparırdı?”
Prinsiplər digər elementlərlə yanaşı, Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən mərhələli şəkildə çıxarılması, məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması, iqtisadi əlaqələrin bərpa edilməsi və Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinə zəmanəti özündə ehtiva edir. Danışıqların başqa formatının olmadığı dövrdə prinsiplərin təkzib edilməsi, ümumilikdə sülh danışıqlarından imtina etmək anlamına gəlir. Buna görə də Azərbaycan Ermənistanın təcavüzü və etnik təmizləmə nəticəsində milyona yaxın mülki şəxsin didərgin düşməsinə baxmayaraq, ATƏT-in Minsk Qrupu tərəfindən aparılan danışıqlar çərçivəsində sülh yoluna davam edir və ümumi prinsipləri şərti şəkildə danışıqlar üçün əsas kimi qəbul edir. Müstəqil dövlətlər və beynəlxalq birliyin məsuliyyətli üzvləri məhz bu yolu seçirlər. Təəssüf ki, Ermənistan öz formal müstəqilliyini hələ də suverenliyə çevirməyib. Hərbi və iqtisadi sahələrdə xaricdən asılı olan bu dövlət özünütəcrid nəticəsində regionun əsas regional inteqrasiya təşəbbüslərindən kənarda qalır. Ermənistan Azərbaycan torpaqlarının işğalının əsirinə çevrilib", - səfir vurğulayıb.
Məqalədə qeyd olunub ki, monoetnik cəmiyyətə malik olan, anti-semitizmin yüksək səviyyəsinin müşahidə olunduğu və tarixində nasist tərəfdaşlarının olduğu Ermənistan üçün qonşulara inanmamaq ən sadə seçim kimi görünə bilər. Lakin belə bir seçim erməni xalqının gələcəyinə, ölkənin isə davamlı inkişafına maneələr yaradır. Davamlı sülhə nail olunması və qonşularla birgə yaşamaq, güclü iqtisadi əlaqələr qurmaq, regionun əsas təşəbbüslərində iştirak etmək əslində sülhü təmin etmək üçün ən səmərəli yollardır. Buna alternativ nədir?
Səfir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında çalışan zaman bütün əziyyətlərə və məcburi didərgin salınmalarına baxmayaraq, bir çox məcburi köçkündən ermənistanlı qonşuları ilə yanaşı yaşamağa hazır olduqlarını eşitdiyini və bunun dəfələrlə Dağlıq Qarabağın azərbaycanlı icması tərəfindən də səsləndirildiyini diqqətə çatdırıb: "Erməni liderlər bu xoş məramdan imtina etməkdənsə, sülh barədə düşünməlidirlər".
Müxbir: Vüsalə Abbasova