Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün ölkəmizin paytaxtına səfərə gələn Türkiyənin Kocaeli Böyük Şəhər Bələdiyyə Başkanı Tahir Büyükakın Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə Tahir Büyükakın Bakı şəhərində olmasından və COP29 tədbirində iştirakından məmnun olduğunu bildirib. O, Bakı şəhərinin gözəlliyini xüsusi olaraq qeyd edərək keçirilən beynəlxalq tədbirin yüksək səviyyədə təşkilini qeyd edib. Qonaq həmçinin, son illərdə Azərbaycanın və Bakı şəhərinin sürətlə inkişaf etdiyini xüsusilə vurğulayıb.
BŞİH rəhbəri Eldar Əzizov paytaxt Bakı şəhəri barədə məlumat verib və qonağa 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbəmizə həsr edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabını təqdim edib.
Eldar Əzizov bildirib ki, bu gün Bakı və regionların inkişafı sürəti ilk növbədə ölkə başçısı cənab İlham Əliyevin fəaliyyətinin nəticəsidir.