Oman mediası: Azərbaycan sürətlə “yaşıl” enerjiyə keçidə doğru irəliləyir

Oman mediası: Azərbaycan sürətlə “yaşıl” enerjiyə keçidə doğru irəliləyir Azərbaycan yüz illər boyu ölkənin tələbatını ödəmək üçün kifayət edən böyük həcmdə qalıq enerji ehtiyatlarına malik olmasına baxmayaraq, “yaşıl” enerjiyə sürətli keçidi hədəfləyib.
COP29
29 İyul , 2024 12:27
Oman mediası: Azərbaycan sürətlə “yaşıl” enerjiyə keçidə doğru irəliləyir

Azərbaycan yüz illər boyu ölkənin tələbatını ödəmək üçün kifayət edən böyük həcmdə qalıq enerji ehtiyatlarına malik olmasına baxmayaraq, “yaşıl” enerjiyə sürətli keçidi hədəfləyib.

“Report”un məlumatına görə, bu barədə Omanın aparıcı qəzetlərindən biri olan “Times of Oman”ın “Azərbaycan sürətlə “yaşıl” enerjiyə keçidə doğru irəliləyir” adlı məqaləsində deyilir.

Məqalənin müəllifləri qeyd edirlər ki, Azərbaycan külək, günəş enerjisi və yaşıl hidrogen sahəsində təşəbbüslər də daxil olmaqla, fosil yanacaqlardan asılılığın azaldılmasında böyük nailiyyətlər əldə edib.

“Azərbaycan öz bərpa olunan enerji potensialını inkişaf etdirməyə can atır ki, bu da ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 % azaltmaq planının mühüm hissəsidir. Azərbaycan, həmçinin 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerji mənbələrinin payını 30 %-ə çatdırmaq və mövcud enerji sistemini şaxələndirmək niyyətindədir”, - məqalədə vurğulanıb.

Nəşr qeyd edib ki, noyabrda keçiriləcək COP29 ərəfəsində KİV nümayəndələrinin ölkəyə səfəri təşkil olunub və səfər zamanı onlar Azərbaycanın yaşıl keçidinə töhfə verən bəzi enerji obyektlərinə baş çəkiblər.

Onların arasında Azərbaycanın xarici investisiyalı ilk müstəqil günəş enerjisi layihəsi olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası da olub.

Media nümayəndələri, həmçinin Balaxanı qəsəbəsində Bakı bərk məişət tullantılarının yandırılması zavodunda da olublar.

Bundan əlavə, məqaləyə əsasən, xarici jurnalistlər COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionuna da baş çəkiblər.

“Bakı stadionu təkcə idman və əyləncəli tədbirlərin keçirildiyi məkan deyil, həm də Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək iqtidarında olmasının simvoludur. O, regionda idmanın, inklüzivliyin, mədəniyyətin və turizmin inkişafında mühüm rol oynayır. 2015-ci il martın 18-də açılmış stadion bu gün regionun ən böyük və ən müasir stadionlarından biridir”, - məqalədə bildirilib.

Son xəbərlər

Orphus sistemi