Əksər ölkələr iqlim fəaliyyətinə nə qədər vəsait xərclədiklərini izləyə bilmir.
"Report" xəbər verir ki, bu barədə Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində açıqlanmış "ClimateScanner" ("İqlim Skaneri") layihəsinin nəticələrində bildirilir.
Nəticələr COP29 çərçivəsində təşkil olunmuş “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlimSkaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə ictimailəşdirilib.
Nəticələrə görə, ölkələrin 73 %-i iqlim xərclərini qeyd etmir, yaxud yalnız daxili iqlim maliyyəsini izləmək üçün mexanizmlərə malikdir: "Bu isə hökumətlərin birbaşa və dolayı iqlim xərclərini izləmə qabiliyyətini zəiflədir. Eyni zamanda iqlim fəaliyyətlərinə cəlb olunan özəl sektorun investisiyalarına dair izləmə mexanizmlərində də çatışmazlıqlar mövcuddur. Bir çox ölkədə bu istiqamətdə şəffaflıq da yetərli deyil. Məsələn, 41 % ölkədə bu sahədə dərc edilən hesabatlara rast gəlinmir".
Bundan başqa, layihənin icrası nəticəsində bu qənaətə gəlinib ki, iqlim probleminin həlli üçün dövlət maliyyə mənbələri kifayət etmir: "İqlim dəyişikliyi ilə mübarizə üçün hər il təxminən 8 trilyon ABŞ dolları tələb olunur. Hazırda izlənilən məbləğ isə 1,3 trilyon ABŞ dollarıdır, bunun 49%-i özəl mənbələrdən gəlir".