Qırğızıstan iqlim dəyişikliyinin ciddi nəticələrini yaşayır.
Bu barədə "Report"a müsahibəsində Qırğızıstanda Turizmin İnkişafına Dəstək Fondunun sədri Kılıçbek Rısaliyev bildirib.
Onun sözlərinə görə, bu, təkcə su ehtiyatlarına deyil, faunaya, kənd təsərrüfatı torpaqlarına, regionun ümumi ekoloji balansına, eləcə də, turizmə mənfi təsir göstərir.
"Xüsusilə, ölkəmizin təbii görməli yeri və turistlər üçün cəlbedici olan İssık-Göldə su səviyyəsinin azalması müşahidə olunur", - deyə Rısaliyev bildirib.
Onun sözlərinə görə, İssık-Göldə su səviyyəsinin azalması dağlardan gölə axan suyun kənd təsərrüfatı suvarmasında istifadəsi ilə bağlıdır. Bu problemi həll etmək üçün ölkə aktiv şəkildə damcı suvarma sisteminə keçir. Eyni zamanda buzlaqların əriməsi ciddi təhlükə olaraq qalır. Son onilliklərdə Qırğızıstan buzlaqlarının təxminən 15%-ni itirib.
Rısaliyev həmçinin qeyd edib ki, iqlim dəyişikliyi Qırğızıstanın həyatının bütün sahələrinə təsir göstərir: "Buna görə də təbii sərvətlərin qorunması üçün göstərilən səylər Qırğızıstanda davamlı turizmin inkişafı üçün prioritetdir".