"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə “Media üçün davamlılıq dili” təlimi təşkil edib

"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə birgə “Media üçün davamlılıq dili” təlimi təşkil edib Global Media Group BMT-nin Qlobal Sazişi ilə imzaladığı anlaşma memorandumu çərçivəsində “Media üçün davamlılıq dili” mövzusunda təlim təşkil edib.
COP29
14 Noyabr , 2024 16:09
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə “Media üçün davamlılıq dili” təlimi təşkil edib

"Global Media Group" BMT-nin Qlobal Sazişi ilə imzaladığı anlaşma memorandumu çərçivəsində “Media üçün davamlılıq dili” mövzusunda təlim təşkil edib.

"Report" xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Yaşıl Zonasında təşkil olunmuş təlimin məqsədi “Global Media Group”un dayanıqlıq sahəsində beynəlxalq platformalarda daha fəal iştirakını təmin etmək, media vasitəsilə dayanıqlı inkişafı təşviq etmək, media nümayəndələrinin davamlılıq və iqlim dəyişikliyi mövzularında daha təsirli və məlumatlandırıcı məzmun yaratmalarına dəstək olmaq, həmçinin ictimaiyyətin iqlim dəyişiklikləri, ətraf mühitin qorunması və davamlılıq məsələləri barədə daha yaxşı məlumatlanmasını təmin etməkdir.

Təlimin spikeri BMT Qlobal Sazişin Kommunikasiya rəhbəri Vinn Boelt (Wynne Boelt) “Global Media Group”una daxil olan media qurumlarının əməkdaşlarına özünün beynəlxalq təcrübəsini bölüşərək, iqlim dəyişiklikləri və davamlılıq mövzularında medianın məsuliyyətini vurğulayıb: “Media ictimaiyyətin məlumatlandırılmasında, xüsusilə, iqlim problemlərinin işıqlandırılmasında mühüm rol oynayır. Media mühüm məsələləri işıqlandırmaqla cəmiyyətin məlumatlılığını artırır və daha geniş auditoriyaya təsir edərək dayanıqlı gələcək üçün kollektiv fəaliyyətə təkan verir. “Global Media Group”un bu istiqamətdə atdığı addımlar və öhdəliklər yalnız Azərbaycan üçün deyil, qlobal davamlılıq hədəflərinə çatmaq baxımından da əhəmiyyətlidir”.

“Global Media Group”un İdarə heyətinin sədri Elnur Abdullayev bildirib ki, “Global Media Group”un BMT-nin Qlobal Sazişinə sadiqliyi və tərəfdaşlığı həm şirkətin, həm də onun tərkibindəki qurumların davamlı inkişafı üçün vacib bir addımdır: “Bu təlim “Global Media Group”un davamlı inkişaf sahəsində öhdəliklərini təsdiqləyir və yaşıl gələcək uğrunda milli və beynəlxalq səviyyədə fəal rol oynamaq əzmində olduğunu göstərir. “Global Media Group” olaraq, bu istiqamətdə maarifləndirmə işlərini gücləndirməklə həm şirkət daxilində, həm də cəmiyyətdə dayanıqlı gələcəyə dair məlumatlılığı artırmağı hədəfləyirik”.

Xatırladaq ki, bu il 9 oktyabrda "Global Media Group" BMT-nin Qlobal Sazişi ilə Anlaşma Memorandumu imzalayıb. Sənədə əsasən müvafiq qurumlar dayanıqlı biznes təcrübələrinin və BMT-nin Qlobal Sazişinin 10 prinsipinin cəmiyyətdə təbliği istiqamətində birgə tədbirlər həyata keçirəcəklər.

"Global Media Group" haqqında

Azərbaycanın ən böyük media-holdinqlərindən biri olan "Global Media Group" 2017-ci ildən fəaliyyətə başlayıb. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün http://www.gmg.az/ saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn) müraciət edə bilərsiniz.

__

BMT-in Qlobal Sazişi haqqında

BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş 160-dan çox ölkədə 15 mindən artıq biznes və 3800 qeyri-biznes tərəfdaşlarını bir araya gətirən korporativ dayanıqlılıq təşəbbüsüdür. Azərbaycandan SOCAR, AzInTelecom, Azerbaijan Airlines, PASHA Technology , Azercell, Neqsol Holding, Pasha Bank və digər qabaqcıl şirkət artıq bu təşəbbüsə qoşulub.

Qlobal Saziş haqqında daha ətraflı məlumat əldə etmək üçün https://unglobalcompact.org saytına keçid edə bilərsiniz.

Foto: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi