Emmanuel Yarkpavolo: "Liberiya iqlim dəyişikliyinə uyğunlaşma üçün maliyyə çatışmazlığı ilə üzləşir"

Emmanuel Yarkpavolo: "Liberiya iqlim dəyişikliyinə uyğunlaşma üçün maliyyə çatışmazlığı ilə üzləşir" Liberiya 7 milyard ABŞ dolları dəyərində qiymətləndirilən Milli Uyğunlaşma Planının həyata keçirilməsi üçün maliyyə çatışmazlığı ilə üzləşir.
COP29
19 Noyabr , 2024 19:00
Emmanuel Yarkpavolo: Liberiya iqlim dəyişikliyinə uyğunlaşma üçün maliyyə çatışmazlığı ilə üzləşir

Liberiya 7 milyard ABŞ dolları dəyərində qiymətləndirilən Milli Uyğunlaşma Planının həyata keçirilməsi üçün maliyyə çatışmazlığı ilə üzləşir.

"Report" xəbər verir ki, bu barədə Liberiyanın “One Life Liberia” təşkilatının qurucusu Emmanuel K. Urey Yarkpavolo COP29 çərçivəsində keçirilən “Milli Adaptasiya Planlarının hazırlanması və icrasında irəliləyişlər: Adaptasiya tədbirlərinin sürətləndirilməsi” adlı tədbirdə bildirib.

“Bu plan milli səviyyədə müəyyən olunmuş töhfələrimizə uyğun gəlir. Hazırda planın nəzərdən keçirilməsi prosesi davam edir. Əsas diqqət sahil regionunun qorunması və kənd təsərrüfatı innovasiyalarına yönəldilib. Bununla yanaşı, inklüziv inkişaf üçün növbəti beşillik Yarış gündəliyini hazırlamışıq. Bundan əlavə, 700 milyon ABŞ dolları məbləğində kənd təsərrüfatı inkişaf planı da qəbul olunub”, - deyə E.Yarkpavolo qeyd edib.

O, bildirib ki, Liberiya iqlim dəyişikliyinə qarşı mübarizədə üzərinə düşəni etməyə çalışır:

“Problemlərin həlli üçün hesabatlılığı təmin etməyə və yerli gəlirləri artırmağa çalışırıq. Lakin beynəlxalq ictimaiyyətin və dost ölkələrin dəstəyi olmadan bu hədəflərə çatmaq mümkün deyil. Əgər iqlim dəyişikliyi bizi qlobal bir cəmiyyət kimi bir araya gətirirsə, deməli, bir-birimizə dəstək olmalıyıq. Yalnız qüvvələrimizi birləşdirərək problemləri düzgün anlayıb həll etsək, həm özümüzü, həm də gələcək nəsilləri xilas edə bilərik”, - deyə o vurğulayıb.

E.Yarkpavolo, həmçinin iqlim dəyişikliyinin Liberiyaya təsirlərinə diqqət çəkib və ölkədə baş verən təbii fəlakətlər barədə danışıb:

“Bu ilin iyul ayında Lofako şəhərində, Yakbetu adlı ərazidə yeraltı titrəyişlər baş verdi. Avqustun 12-də sakinlər bu hadisələrin səbəbini anlamadıqları üçün şəhəri tərk etdilər. Bir neçə həftə sonra başqa bir icmada torpaq sürüşməsi baş verdi. Elə dünən Gvendolin adlı ərazidə oxşar bir hadisə yaşandı. Bir müddət əvvəl Monroviyada baş verən ağır daşqın nəticəsində isə iki uşaq həlak oldu. Mən şəxsən fermalara baş çəkərkən gördüm ki, iqlim şəraiti tamamilə dəyişib. Fermerlər məndən ‘Nə baş verir?’ deyə soruşurdular, çünki artıq toxumların əkilməsi üçün uyğun vaxtı müəyyən etmək mümkün deyildi. Mən onlara iqlim dəyişikliyinin təsirlərini izah etməyə çalışdım, lakin bunun kənd təsərrüfatına təsirini tam izah etməkdə çətinlik çəkdim”.

O, bu hadisələri bölüşərək iqlim dəyişikliyinə uyğunlaşmanın zəruriliyini və bu sahədə maliyyələşmənin vacibliyini bir daha diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi