COP29-un media tərəfdaşları açıqlanıb

COP29-un media tərəfdaşları açıqlanıb “FT Live”, “Project Syndicate”, “Newsweek”, “CBC” və “ANEWZ” COP29-un rəsmi media tərəfdaşları elan edilib.
COP29
8 Noyabr , 2024 18:53
COP29-un media tərəfdaşları açıqlanıb

“FT Live”, “Project Syndicate”, “Newsweek”, “CBC” və “ANEWZ” COP29-un rəsmi media tərəfdaşları elan edilib.

Bu barədə "Report"a COP29 Əməliyyat Şirkətinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, COP29 media tərəfdaşları COP29 çərçivəsində aparılacaq müzakirələri təşviq etmək və iqlim fəaliyyətinə təkan vermək baxımından vacib rol oynayacaqlar. Qlobal auditoriya ilə COP29 arasında təmas yaratmaq üçün tədbiri daha əlçatan və inklüziv edən rəqəmsal texnologiyalardan istifadə olunacaq.

Media tərəfdaşları konfransın əhatə dairəsini genişləndirərək COP29 məzmununu rəqəmsal kanallar, o cümlədən sosial media və onlayn platformalar vasitəsilə bütün dünyaya yayımlayacaq. Bu yanaşma qlobal miqyasda milyonlarla insanın COP29-un müzakirə və nəticələrinə cəlb olunmasına şərait yaradır və məkandan asılı olmayaraq, tədbiri müxtəlif auditoriyalar üçün daha əlçatan edir.

Bundan əlavə, COP29-da media tərəfdaşlarının öz proqramları da təqdim olunacaq. Belə ki, “FT Live” telekanalının “FT Sessions at COP” verilişində Bakı Stadionundan panel sessiyalarının canlı yayımı təşkil olunacaq. Bu sessiyalar mühüm iqlim məsələlərinin həlli ilə bağlı ən son problemləri, habelə hadisələrin gedişatını və görülən işlər çərçivəsində əldə olunan irəliləyişləri müzakirə etmək üçün siyasətçiləri, şirkət rəhbərlərini və iqlim ekspertlərini bir araya gətirəcək.

“Project Syndicate” media qurumu mühüm qlobal iqlim problemlərinə dair dinamik müzakirələr platforması ilə çıxış edəcək. Bu panel sessiyaları zamanı çoxtərəfli inkişaf bankları və maliyyə institutlarının çağdaş dövrünün bərabər maliyyələşdirmə ehtiyaclarına necə uyğunlaşdığı, qlobal iqtisadi problemlər fonunda İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Panelinin (IPCC) ən son hesabatının təsirləri və iqlim fəaliyyətinə dəstək verilməsində generativ süni intellektin perspektiv rolu araşdırılacaq.

“Newsweek” isə özünün “Yaşıl keçidin əsas istiqamətləri” seriyasının üçüncü buraxılışını təqdim edəcək və burada həm dayanıqlılıq, həm də təmiz texnologiyalar sahəsində aparıcı simaları bir arada toplayacaq.

Azərbaycanda təmsil olunan “CBC” və “ANEWZ” media qurumları isə həm Mavi, həm də Yaşıl Zonalar üzrə əsas müzakirələrin və hadisələrin nümayiş etdirilməsində mühüm rol oynayacaq və COP29 iqlim fəaliyyəti və mesajlarının qlobal auditoriya çatdırılmasını gücləndirəcək.

Bununla yanaşı, Yaşıl Zonada tədbirləri qlobal müstəvidə, o cümlədən uzaq auditoriyalar üçün yayımlamaq məqsədilə lazımı avadanlıqlarla təchiz edilmiş Təsir Məkanı (Impact Stage) fəaliyyət göstərəcək. Bu məkanda gündəlik 30 dəqiqəlik canlı yayımda “Daily Show” verilişi təqdim olunacaq. Bundan əlavə, COP29-un gənc auditoriya üçün hazırlanmış canlı panel və müzakirələrdən ibarət olan “Extreme Hangout” zonası da burada təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi