Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öncəsi - 5-11 noyabrda ilkin sessiyalar və konfransın ilk günləri ərzində tədbir məkanı və müxtəlif nəqliyyat qovşaqları arasında xüsusi marşrutlar üzrə fəaliyyət göstərən avtobuslar vasitəsilə 58 000-dən çox iştirakçının hərəkəti təmin edilib.
"Report" bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir.
Konfransda iştirak etmək məqsədilə paytaxta səfər edən çoxsaylı qonaqların təhlükəsiz və rahat daşınmasının təmin edilməsi üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi koordinasiyalı hazırlıq işləri çərçivəsində tədbir məkanı, hava limanı və şəhərin müxtəlif strateji ərazilərində yerləşən nəqliyyat qovşaqları arasında müvafiq nəqliyyat sxemi tətbiq edib.
Qurumların operativ koordinasiyası və paytaxt yollarında nəqliyyat axınının peşəkar tənzimləmə nəticəsində COP29 iştirakçıları yüksək keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin edilib.