Azərbaycanlı alim: COP29 gələcək nəsillər üçün texnologiya sahəsində böyük töhfələr verə bilər

Azərbaycanlı alim: COP29 gələcək nəsillər üçün texnologiya sahəsində böyük töhfələr verə bilər Təxminən sənayeləşmə dövründən başlayaraq yer kürəsinin istilik səviyyəsində dəyişiklik baş verir. Bu proses yerin istilik balansını qoruyan üç amilin - günəşdən gələn qısa dalğalar, yer kürəsinin uzun dalğalı olan öz enerjisi və yerin dalğasının atmosfe
COP29
30 İyul , 2024 13:11
Azərbaycanlı alim: COP29 gələcək nəsillər üçün texnologiya sahəsində böyük töhfələr verə bilər

Sənayeləşmə dövründən başlayaraq Yer kürəsinin temperatur rejimində dəyişikliklər baş verir. Yerin qlobal temperaturu onun istilik balansı ilə müəyyən olunur ki, bu da Günəşdən gələn qısadalğalı şüalanma enerjisi, Yerin özünün şüalandırdığı üzundalğalı enerji və atmosferdən qayıdan uzundalğalı enerji ilə tənzimlənir. Atmosferdə olan karbon qazı, metan, su buxarı və digər “parnik” effekti yaradan qazlar Günəşdən gələn şüalara qarşı şəffaf olsalar da, Yerin şüalandırdığı qısa dalğalı şüalanmanın bir hissəsini geri qaytarırılar. Əgər atmosferdə “parnik” effekti yaradan qazlar olmasa idi, onun qlobal temperaturu mənfi 15 dərəcə olardı ki, bu da canlıların varlığını mümkünsüz edərdi. Halbuki, son illərdə insan fəaliyyəti nəticəsində atmosferdə onların konsentrasiyasının həddindən artıq dərəcədə artması qlobal və regional temperaturların artmasına gətirir ki, bu da bəşəriyyəti yeni problemlər qarşısında qoyur. Sənayələşməyə qədər dövrlə müqayisədə Yerin qlobal temperaturu 1,1-1.2 0C artıb. İldən-ilə atmosferə atılan “parnik” qazlarının miqdarı artdığından Yerin yüzillklər ərzində formalaşan temperatur rejimi sürətlə dəyişməkdədir. Gözlənilən təhlükə ilə əlaqədar 1992-ci ildə Rio-de-Janeyro şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası təsis olundu və qərara alındı ki, qlobal istiləşməyə nəzarət və onun qarşısının alınması məqsədilə hər il konvensiyaya qoşulan ölkələrin iştirakı ilə Tərəflər Konfransı (COP) keçirilsin və ilk belə bir tədbir 1995-ci ildə Berlin şəhərində keçirildi.

Qlobal miqyasda baş verən iqlim dəyişikliyinin ətraf mühitə olan neqativ təsirlərinin getdikcə intensivləşməsi 15 Dekabr 2015-ci ildə Paris sazişinin imzalanmasına gətirib çıxartdı. Fransa paytaxtında keçirilən 21-ci Tərəflər Konfransında (COP21) qəbul edilmiş və 4 Noyabr 2016-cı ildə qüvvəyə minmiş sazişə 195 ölkə razılıq verib, 89-u isə ratifikasiya edib.
Sazişdə nəzərdə tutulub ki, 2040-cı ilə qədər qlobal istiləşməni sənayeləşmədən əvvəlki (1850-1900) temperaturdan 2 dərəcədən çox olmamaqla 1.5 dərəcəyə qədər cilovlamaq lazımdır. Bu göstərici hazırda bir dərəcə ətrafındadır. 195 ölkə arasında sıx əməkdaşlığı formalaşdırmaq və hər bir ölkənin iqlim hədəflərinə dair öhdəliklərini öz resurslarına mütənasib olaraq müəyyənləşdirmək imkanı tanıyaraq dəstək olmaq effektiv nəticələr doğura bilər.

Eyni zamanda lazım olan investisiyaların və maliyyənin ölkələr arasında axınını asanlaşdıraraq texnoloji inkişaf ilə bərabər bunun ölkələr arasında mobilliyini təmin etmək sazişdə əsas məqamlardan biridir. Bununla yanaşı, hər beş ildən bir şəffaflıq və nəticəyönümlü fəaliyyət üçün hesabatlığı gözdən keçirtmək də önəm daşıyır. Ümumilikdə isə Paris İqlim Sazişinin məqsədi qlobal temperatur artımını məhdudlaşdırmaq və karbon emissiyalarını azaltmaqdır. İqlim böhranının qarşısını almaq üçün qlobal orta səth temperaturunun artımını iki dərəcə ilə məhdudlaşdırmaq, mümkünsə 1,5 dərəcədən aşağı saxlamaq əsas mövzulardan biridir. Azərbaycan isə “Paris Sazişi”ni 28 oktyabr 2016-cı il tarixdə ratifikasiya edib.

Məsələ ilə bağlı “Report”a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov COP29-da “Paris Sazişi”nin bütün istiqamətləri üzrə addımlar atılmasının qaçınılmaz olduğunu bildirib:
“Ümumilikdə COP tədbirlərinin məqsədi, “Paris Sazişi”nin tələbi olaraq, atmosferdə karbon qazının (CO2) miqdarını azaltmaqla qlobal istiləşməni məhdudlaşdırmaq və sənayeləşmədən əvvəlki dövrə nisbətən 1,5 dərəcə Selsi artım həddindən yuxarı olmamasına nail olmaqdır. Görülən tədbirlər nəticəsində vəziyyətin yumşaldılması baş verməsə, yeni tədbirlərə ehtiyac duyulacaq”.


COP (Conference of the Parties) yəni Tərəflərin Konfransı adlanan bu tədbir ölkələrin qlobal iqlim dəyişikliyi mübarizəsindəki rolunu gücləndirməyi hədəfləyir. Dubayda keçirilən COP28 konfransında alınan qərara əsasən BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Konfransı 11-22 noyabr tarixlərində Bakı şəhərində baş tutacaq. COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.

COP29 gələcək nəsillər üçün əlverişli iqlim şəraitinin təmin edilməsi baxımdan da qlobal əhəmiyyət daşıyır. Belə ki, COP29-un keçirilməsi planetimizdə iqlim şəraitinin pisləşməsinin qarşısının alınması, dünyamızın təhlükəsizliyi, planetimizin ömrünün uzanmasına, insanların sağlamlığına, ərzaq məhsulları ilə bol təminatına yol açacaq əsas vasitədir. Buna görə də bu sahədə atılan addımlar gələcək nəsillər üçün bir sıra regional siyasi münaqişələrlə, ayrı-ayrı siyasi problemlərlə bağlı keçirilən tədbirlərdən daha əhəmiyyətli olmalıdır.
COP29 tədbiri Azərbaycan cəmiyyətində iqlim dəyişikliyi və ekoloji problemlər haqqında maarifləndirmə səviyyəsini artıracaq. Bu da təbii ki, vətəndaşların ekoloji problemlərə qarşı daha məsuliyyətli davranış sərgiləməsinə səbəb olacaq. Ekoloji layihələrdə insanların aktiv fəaliyyətinə şahid ola bilərik. Bu da öz növbəsində COP29 konfransının nəinki Azərbaycanın, Yer kürəsinin gələcək nəsilləri üçün qlobal əhəmiyyətli dirçəliş prosesinə gedən yolda cığır aça bilər.


Bu faydalar dünyada həm ekoloji dayanıqlılığını artıracaq, həm də iqtisadi inkişafa əhəmiyyətli töhfələr verəcəkdir.
S.Səfərovun sözlərinə görə, COP29 konfransı zamanı, Azərbaycan sahib olduğu zəngin mədəni irsini və gözəlliklərini dünyaya nümayiş etdirməklə yanaşı, ekoloji dayanıqlılıq və yaşıl texnologiyaların inkişafı istiqamətində öz səylərini də dünya ictimaiyyətinə təqdim edə biləcək:
“Konfransın keçirilməsi Azərbaycanın qlobal iqlim siyasətində mühüm rol oynamaq və öz öhdəliklərini yerinə yetirmək üçün əhəmiyyətli bir fürsət olacaqdır. Bu tədbir zamanı, iqlim dəyişikliyi ilə mübarizə sahəsində qabaqcıl təcrübələr və yeni texnologiyalar təqdim ediləcək, eyni zamanda, yerli icmaların və qeyri-hökumət təşkilatlarının iştirakı təşviq ediləcək. Bu həm də Azərbaycanın “yaşıl enerji”yə keçidi sahəsində əldə etdiyi nəticələrdə dəyişikliklərə gətirib çıxara bilər. “Yaşıl enerji”nin dünya üzərində geniş istifadəsi bir başa Yer kürəsinə təsir edəcək”.

“Qlobal istiləşmə 90-cı illərdən sonra özünü daha çox büruzə verməyə başlamışdır. Bunun da əsas səbəblərindən biri bütün dünya, xüsusilə də Çin və Hindistanda iqtisadiyyatın sürətli inkişafı və bununla əlaqədar atmosferə atılan karbon və digər “parnik” qazlarının miqdarının həddindən artıq dərəcədə artmasıdır. Bundan əlavə, kənd təsərrüfatı istehsalındakı artımlar da iqlimə təsirsiz ötüşmədi. İllərlə istifadəsiz torpaqların əkin məqsədilə şumlanması yerin albedosunu azaltmaqla, günəşdən gələn şüaların daha çox udulmasına və temperaturun artmasına səbəb olmuşdur. Atmosferdə aerozolların konsentrasiyasının azalması və meşələrin qırılması da problemi daha da kəskinləşdirmişdir”, - deyə elmlər doktoru söyləyib.


Xatırladaq ki, hazırda dünyada enerji istehlakının 17,9 faizi bərpa olunan enerji mənbələrinin payına düşür. 2018-ci ildə dünya üzrə bərpa olunan enerji texnologiyalarına 296 milyard ABŞ dolları sərmayə yatırılıb. Bu sahə neft, qaz və ya kömür kimi təbii sərvətlərlə zəngin ölkələr arasında da trendə çevrilib, necə deyərlər, dövlət siyasətinin tərkib hissəsi olub.
Bir məsələni də qeyd edək ki, qlobal istiləşmə, dünya bazarlarında ənənəvi enerjinin qiymət dəyişikliyi, böhran və s. problemlər, həmçinin innovativ texnologiyaların əhəmiyyətinin cəmiyyət tərəfindən qəbul edilməsi təkcə Avstriya kimi ölkələrdə deyil, eləcə də bütün dünyada “yaşıl enerji” sektorunun yaxın gələcəkdə sürətlə inkişaf edəcəyini bariz şəkildə nümayiş etdirir. Bu da öz növbəsində gələcək nəsillərə töhfəsini verəcək.

Regional lider kimi mövqeyini gücləndirmək məqsədi olan Azərbaycan üçün COP29-a ev sahibliyi etmək ölkənin ekoloji problemlərlə mübarizədə qlobal səylərə verdiyi töhfəni artırmağa təkandır. COP29 konfransı, həmçinin, Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirəcək və iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrdə ölkənin rolunu artıracaqdır.
Keçən il COP28 tədbirində qərara alındı ki, xüsusi fond yaradılmaqla yoxsul ölkələrə yardım edilsin ki, . onlar da bu yolla “Paris Sazişi”nin tələblərini yerinə yetirə bilsinlər. S.Səfərov COP29-da yeni tələblər qoyula biləcəyini, fondun tələblərinin yenilənəcəyini istisna etməyib. Bu konfransda veriləcək qərarlar planetimiz və gələcək nəsillər üçün atılan addımlar olacaqdır.


S.Səfərov COP29-un innovasiya və texnologiya sahəsinə də təsirsiz ötüşməyəcəyini xüsusi qeyd edib:

“Parnik” qazların emissiyasını 35 faiz azaltmağa çalışmaqla “yaşıl enerji”dən istifadəni genişləndirmək yeni texnologiyalar tələb edir. Ənənəvi yanacağı birbaşa yaşıl enerji ilə əvəzləmək mümkünsüzdür. Belə etsək, iqtisadiyyat çökər. Kompensasiya üçün yaşıl enerjidən istifadə etmək lazım olur. Alternativ enerjinin ənənəvi yanacağın yerini tutması üçün böyük texnoloji güc lazımdır. Məsələn, külək enerjisindən istifadə edilməsi barədə danışırıq. Amma anlamaq lazımdır ki, bu söz ilə asandır. Bunun üçün yeni texnologiya, mexanizm, xüsusi avadanlıqlar lazımdır".

Mütəxəssis hesab edir ki, bunları təmin etdikdən sonra isə həmin avadanlıqları daim təkmilləşdirmək lazımdır ki, onların faydalı iş əmsalı daha böyük olsun: "Məncə COP29 böyük töhfələrindən birini elə texnologiya sahəsinə verəcək. Dünyamızın ildən ilə müasirləşdiyini nəzərə alsaq, gələcək nəsillər üçün ən gözəl yatırım da məhz budur”.

Son xəbərlər

Orphus sistemi