Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlıq çərçivəsində dayanıqlılıq səriştələrinin artırılması istiqamətində hotellər müvafiq təlimlərə cəlb olunub.
Bu barədə "Report"a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, təlimlər COP29 Azərbaycan Əməliyyat Şirkəti Dövlət Turizm Agentliyi və Azərbaycan Hotel Assosiasiyası ilə birgə fəaliyyəti ilə həyata keçirilir.
Bildirilib ki, şirkət tərəfindən Dayanıqlılıq Təlimatları əsasında tərtib olunmuş və Əməliyyat Şirkətinin müvafiq departamentlərinin mütəxəssisləri tərəfindən keçirilən təlimlər yerli hotel sektorunun dayanıqlılıq sahəsində potensialının artırılmasına və beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib.
Keçirilən təlimlər Bakı, Abşeron və Sumqayıt ərazilərində fəaliyyət göstərən hotelləri əhatə edib. Təlimlərin məqsədi qonaqpərvərlik sektorunda əməliyyatların düzgün icrasına, yerli hotellərin yüksək təhlükəsizlik standartlarına, eləcə də inklüzivlik və müyəssərlik prinsiplərinə uyğun fəaliyyətinin təşkildə dəstəkdir.
Qeyd edək ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin hotel və qonaqlama sektoru üzrə hazırladığı Dayanıqlılıq Təlimatları özündə ən qabaqcıl beynəlxalq təcrübələri birləşdirir.
Təlimat həmçinin daşınma-nəqliyyat sahəsində karbon emissiyasını azaltmaq üçün yerli biznes və təchizatçılarla əməkdaşlığı təşviq edir, bu çərçivədə enerji istehlakına qənaət etmək üçün müvafiq infrastruktur və təcrübələrin tətbiqini tövsiyə edir. Bundan əlavə, müvafiq sənəd karbon ayaq izinin azalması istiqamətində müvafiq tövsiyələr, su kimi qiymətli resursu qorumaq üçün qənaətcil qurğu və texnoloji innovasiyaların tətbiqini, həmçinin plastik də daxil olmaqla müxtəlif tullantıların yaranmasının minimuma endirilməsini və təkrar emal prosesində səmərəli idarəetmə sisteminin inkişafını nəzərdə tutur.