Bakıda keçirilən COP29 iqlim konfransında iki əsas məsələ üzrə irəliləyiş əldə edilib, lakin bu nailiyyətlərin həyata keçirilməsi üçün bütün iştirakçı tərəflərin qətiyyəti və razılığı tələb olunur.
“Report” xəbər verir ki, bunu Rusiya Prezidentinin dayanıqlı inkişaf məqsədləri üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Bakıda keçirilmiş COP29-un yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
"Keçirilmiş konfransın iki əsas nəticəsi "nə qədər" və "necə" suallarına cavab verir. Birincisi, Yeni Kollektiv Kəmiyyət Hədəfinə (NCQG) əsasən, inkişaf etmiş ölkələr 2035-ci ilə qədər iqlim proqramları üçün inkişaf etməkdə olan ölkələrə əvvəlki kimi 100 milyard dollar deyil, ildə 300 milyard dollar ayırmalıdır. İkincisi, nəhayət ki, BMT himayəsi altında beynəlxalq karbon bazarlarının formalaşdırılmasının metodik əsasları qoyulub", - o qeyd edib.
B.Titov vurğulayıb ki, nisbi kompromis əldə edilsə də, əsas ziddiyyətlər həll olunmayıb: "Axı bu rəqəmə (300 milyard dollar) bütün maliyyələşdirmə daxildir. Sual budur ki, bununla ədalətli keçidə nail olmaq, yəni Qərbin keçmişdə istixana qazları emissiyasına görə tarixi məsuliyyətini dəqiq müəyyən etmək mümkündürmü? Ancaq düşünürəm ki, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə hər il bir trilyon dollar iqlim qrantı verməsi tələbi çətin ki, uğurla nəticələnsin".