Baş nazirin müavini: "Qazaxıstan-Azərbaycan investisiya fondu “yaşıl layihə”ləri maliyyələşdirəcək"

Baş nazirin müavini: "Qazaxıstan-Azərbaycan investisiya fondu “yaşıl layihə”ləri maliyyələşdirəcək" Azərbaycan-Qazaxıstan İnvestisiya Fondu, çox güman ki, “yaşıl layihə”lərin maliyyələşdirilməsinə üstünlük verəcək.
COP29
12 Noyabr , 2024 15:02
Baş nazirin müavini: Qazaxıstan-Azərbaycan investisiya fondu “yaşıl layihə”ləri maliyyələşdirəcək

Azərbaycan-Qazaxıstan İnvestisiya Fondu, çox güman ki, “yaşıl layihə”lərin maliyyələşdirilməsinə üstünlük verəcək.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Nurlan Baybazarov Bakıda jurnalistlərə bildirib.

"Neft-qaz sahəsində aydın əməkdaşlığımız var. Orada da neft hasilatının və ümumilikdə neft məhsulları istehsalının zərərli təsirinin azaldılmasına yönəlmiş texnologiyalar tətbiq olunur. Bundan əlavə, birgə investisiya fondu yaratmışıq və düşünürəm ki, məhz “yaşıl layihə”lərə, “yaşıl infrastruktur” layihələrinə üstünlük veriləcək", - N.Baybazarov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstanı birləşdirəcək “yaşıl dəhliz”in yaradılması layihəsi ilkin mərhələdədir.

N.Baybazarov qeyd edib ki, tərəflər “yaşıl enerji”, tranzit və nəqliyyat kanallarının, o cümlədən Xəzər dənizi vasitəsilə inkişafı üzrə birgə layihələri nəzərdən keçirirlər.

O vurğulayıb ki, meşələrin qorunmasına dair saziş imzalanıb. By layihə beynəlxalq təşkilatlardan birinin Aral dənizinin dibində saksaul əkilməsi layihəsinin həyata keçirilməsində iştirakını nəzərdə tutur.

"Saksaul, məhz belə yerdə böyüyə bilən iqlimə davamlı ağac növüdür. Düşünürəm ki, burada bir tərəfdən iqlimin qorunmasına və mühafizəsinə, digər tərəfdən isə qardaş ölkələrimiz arasında maliyyə-iqtisadi əməkdaşlığın artırılmasına yönəlmiş layihənin həyata keçirilməsi üçün böyük perspektiv var", - Qazaxıstanın Baş nazirinin müavini əlavə edib.

Xatırladaq ki, 300 milyon ABŞ dolları dəyərində olan investisiya fondu “Azərbaycan İnvestisiya Holdinqi ilə “Samruk Kazyna” Səhmdar Cəmiyyəti arasında 2024-cü ilin mart ayında imzalanmış strateji tərəfdaşlıq sazişi əsasında yaradılıb. İnvestisiya fondu hər iki dövləti maraqlandıran layihələri ilə yanaşı Mərkəzi Asiya ölkələri, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə iqtisadiyyatlarının müxtəlif sektorlarında prioritet layihələrin maliyyələşdirilməsini təmin edəcək.

Son xəbərlər

Orphus sistemi