Bakıda iqlim dəyişikliklərinin uşaqlara təsiri ilə bağlı müzakirələr aparılıb

Bakıda iqlim dəyişikliklərinin uşaqlara təsiri ilə bağlı müzakirələr aparılıb ADA Universitetində "İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir" mövzusunda konfrans keçirilib.
COP29
2 Oktyabr , 2024 13:07
Bakıda iqlim dəyişikliklərinin uşaqlara təsiri ilə bağlı müzakirələr aparılıb

ADA Universitetində "İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir" mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai gələn ay Bakıda keçiriləcək COP29 tədbirində iqlim dəyişikliyi və bunun əhaliyə təsirlərinin müzakirə ediləcəyini deyib.

COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova bildirib ki, iqlim dəyişikliyi üzrə gündəliyin formalaşdırılmasına başlanılır: "İqlim dəyişikliyi haqqında dialoqlarda uşaqların mərkəzdə olması vacibdir. Çünki onlar gələcəyimizdir. İqlim dəyişikliyi ilə bağlı müzakirələrin davam etdirilməsi, problemin həlli gənc nəslə qala bilər. Onların da təhlükəsiz dünyadan nəsibini alması üçün çalışmalıyıq".

UNICEF-in davamlılıq və iqlim üzrə regional məsləhətçisi Maria Osbek söyləyib ki, Avropa və Mərkəzi Asiyada 160 milyon uşaq iqlim dəyişmələrinin təsirlərinə görə yüksək və orta-yüksək olaraq təsnif edilib: "2021-ci ildə 6400 uşaq havanın çirklənməsi səbəbindən erkən yaşlarda ölüb. Onların 85 %-i bir yaşına çatmadan dünyasını dəyişib. Hər on uşaqdan biri çay daşqınları ilə üzləşmə riskindədir".

Gənc iqlim elçisi Oruc Bayramov uşaq və gənclərə həssas iqlim xidmətləri və inklüziv informasiyalaşdırma metodlarının yaradılmasını təklif edib: "İqlim ailəsi mövzusunda gənclərin iştirakı, maliyyə qərarlarında təmsil edilməsi vacibdir. Məktəblərdə iqlim təhsili mütləq şəkildə tədris edilməlidir. Gənclərdən ibarət məşvərət şurasının yaradılması təkliflərimiz sırasındadır. Gələcəyimiz gənclərin və uşaqların aktivliyi ilə formalaşacaq".

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin sosial siyasət üzrə mütəxəssisi Rəşad Hüseynov təhsildə iqlim dəyişikliyi ilə bağlı biliklərin aşılanmasına toxunub, tullantıların düzgün çeşidlənməsi, infrastrukturun dayanıqlı olmasının zəruriliyini qeyd edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, çətin həyat şəraitində uşaqların müdafiəsi nazirliyin priotet istiqamətlərindən biridir: "Sosial məbləğ hər il artırılır. Uşaqlı ailələrin sosial müdafiəsi üçün tədbirlər davam etdirilir".

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli deyib ki, Azərbaycanda orta təhsil müəssisələrində iqlim dəyişikliyinə həsr olunan tədbirlər keçirilir: "Azərbaycanda noyabr ayında baş tutacaq COP29 tədbirində də təhsilin yaxşılaşdırılması məsələsinə toxunulacaq".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova vurğulayıb ki, iqlim dəyişikliyi, təmiz ətraf mühit üzrə əhali arasında maarifləndirmə işləri aparılır, ekoloji tədbirlər həyata keçirilir.

Səhiyyə Nazirliyinin səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova qeyd edib ki, 900 insan arasında aparılan sorğunun nəticələrinə əsasən, daha çox şəhərlərdə yaşayan insanlar iqlim dəyişikliyinin insanlara təsirlərindən məlumatlıdırlar: "Ona görə də maarifləndirmənin kənd yerlərində daha çox aparılmasına ehtiyac var. Səhiyyə müəssisələrində iqlim dəyişiklikləri haqqında xüsusi təlimlərə başlanılıb".

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nərmin Aslanbəyova Azərbaycanda gənclərin iqlim dəyişikliyi ilə mübarizədəki fəaliyyətindən danışıb.

Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib, müzakirələr aparılıb.

Foto: Ehtiram Cəbiyev

Son xəbərlər

Orphus sistemi