Bakıda “COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” forumu keçirilir

Bakıda “COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” forumu keçirilir Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” forumu öz işinə başlayıb.
COP29
21 Oktyabr , 2024 10:34
Bakıda “COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” forumu keçirilir

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” forumu öz işinə başlayıb.

"Report" xəbər verir ki, beş gün davam edəcək forum çərçivəsində "İkinci həyat – dizaynerlərin gözü ilə" adlı tullantılardan hazırlanmış maketlərin sərgisi, panel müzakirələri, vörkşoplar, rəsm müsabiqəsi, təmizlik və ağacəkmə aksiyaları təşkil olunacaq.

Forumun açılış mərasimində AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, COP29 təşkilat komitəsinin üzvü, millət vəkili Sevinc Fətəliyeva və Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi komandasının həmrəhbəri Jalə İbrahimova rəsmi qonaq qismində iştirak edib.

Rektor G.Məmmədova bildirib ki, bu forum Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə hazırlıq dönəmində öz töhfələrini verə biləcək.

O qeyd edib ki, tədbir universitetin tələbələrinin təşəbbüsü ilə keçirilir: "COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Biz inanırıq ki, bu tədbir ən yüksək səviyyədə keçiriləcək. Bu gün keçirilən forumda tələbələr öz layihələri, əl işləri ilə COP ideyalarını yaymaq üçün, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizədə öz töhfələrini verməyə çalışırlar".

Forumun ilk günündə “Müasir şəhərsalmada dayanıqlılıq amilləri”, “Enerjidən qeyri-səmərəli istifadə iqlim dəyişikliklərinin səbəbi kimi” və “Su ehtiyatlarından istifadə və ekoloji dayanıqlılıq problemləri” mövzuları ətrafında panel müzakirələri təşkil olunacaq.

İkinci gün tullantılardan istifadə etməklə maket hazırlığı, dibçəklər üzərində DİM-lərə həsr olunmuş rəsmlər, davamlı şəhər inkişafı barədə tələbələrin təklifləri, yeni layihə ideyalarının müzakirəsi və fikir mübadiləsi həyata keçiriləcək.

Forumun üç və dördüncü günləri təmizlik və ağacəkmə aksiyaları təşkil olunacaq.

Son gündə isə forumun bağlanışı mərasimi keçiriləcək və fərqlənən iştirakçılar Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq.

Foto: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi