Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "Şəhərlər/Urbanizasiya olunmuş mühitlər”, “Su təhlükəsizliyi" adlı panel sessiyası keçirilib.
"Report" xəbər verir ki, tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə dayanıqlı şəhərsalma mövzusu müzakirə edilib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov azad edilmiş ərazilərdə şəhərsalma məsələləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında görülən işlər barədə məlumat verib: "Ağdam, Füzuli və Xocavəndin əraziləri sübut edir ki, inkişafla bərabər, müqavimət də göstərə bilərik. Gələcək nəsillər üçün dayanıqlı işlər görürük".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib ki, iqlim dəyişikliyinə dayanıqlı şəhərsalma Azərbaycan üçün prioritet sahələrdən biridir: "Şəhərlər elə dizayn edilməlidir ki, gələcəkdə də dayanıqlı olsunlar. Yaşıl binalar, bərpaedilən enerjinin təbliği bütün şəhərsalmanın əsas elementlərindən biridir. Noyabrda Bakıda keçiriləcək COP29 tədbirində də bu mövzuda müzakirələr keçiriləcək".
Avropa Yenidənqurma və İnkişaf Bankının direktor müavini Lin O Grady vurğulayıb ki, şəhərlə bağlı planlar hazırlayan çox olsa da, maliyyə məsələsi həll edilmir: "Kəskin hava şəraiti, təbiət hadisələri göstərir ki, biz yaşam üçün məqbul şəhərlər yaratmalıyıq".
COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov söyləyib ki, rəsmi Bakı COP29-da davamlı təşəbbüslərin yaradılmasını dəstəkləyir: "Biz əvvəlki COP-larda olmayan sektorları da buraya cəlb etmək istəyirik. COP29 çərçivəsində yeni regional təşəbbüslər üçün də çalışırıq".
Panel sessiyanın sonunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında Azərbaycanda “Yaşıl binaların inkişaf konsepsiyasına dair Yol Xəritəsinin hazırlanması üçün Əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.
Foto: Vüqar Xanlarov