Azərbaycan Çinin "PowerChina Resources Ltd." şirkəti ilə “yaşıl enerji” sahəsində potensial işbirliyi imkanlarını nəzərdən keçirib.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və Çin şirkətinin prezidenti Yanq Tianfu arasında keçirilən görüşdə aparılıb.
Görüşdə Çinin biznes dairələri ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdiyi vurğulanıb, ölkəmizin işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Qeyd olunub ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji sahəsinin inkişafı ölkəmizin əsas prioritetlərindəndir. Ölkəmizdə bu sahədə ixtisaslaşan müəssisələrin qurulması məqsədilə tərəfdaşlıq üçün geniş imkanlar var.
Tərəflər yaşıl enerji sahəsində işbirliyi, ölkəmizin əlverişli biznes mühitindən yararlanmaq və birgə investisiya layihələrinin reallaşdırılması imkanlarını müzakirə ediblər.
Həmçinin bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yeni texnologiyaların tətbiqi, resurslardan səmərəli istifadə üçün innovativ mexanizmlər, sıfır emissiyalı sənaye parkının yaradılması və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.