GUAM ölkələri arasında blokçeyn texnologiyasının tətbiqinə dair saziş imzalana bilər

GUAM ölkələri arasında blokçeyn texnologiyasının tətbiqinə dair saziş imzalana bilər İyulun 4-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Moldova Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri George Leukanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Biznes
4 İyul , 2019 19:48
GUAM ölkələri arasında blokçeyn texnologiyasının tətbiqinə dair saziş imzalana bilər

İyulun 4-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Moldova Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri George Leukanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

S.Mehdiyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açıb və qarşılıqlı münasibətlərin bugünkü səviyyəsindən məmnunluqla bəhs edib.

DGK sədri hər iki ölkə arasında gömrük işinin təşkili sahəsində də səmərəli və işgüzar əlaqələrin qurulduğunu, bu əlaqələrin iqtisadi münasibətlərin güclənməsinə, ticarət dövriyyəsinin artmasına şərait yaratdığını bildirib. Vurğulanıb ki, GUAM çərçivəsində gömrük orqanları arasındakı əməkdaşlıq daha da dərinləşib, beynəlxalq əhəmiyyətli layihələrin icrasının sürətləndirilməsinə, region ölkələrinin iqtisadi imkanlarının, tranzit potensialının artmasına şərait yaradıb. Məhz GUAM çərçivəsində blokçeyn texnologiyasının təbiqinin nəzərdə tutulduğunu qeyd edən DGK sədri bu işin sürətləndirilməsi üçün digər üzv dövlətlər kimi Moldova ilə də məlumat mübadiləsinin həyata keçirilməsinin zəruliyini bildirib və bu istiqamətdə sazişin imzalanmasının vacibliyini diqqətə çatdırıb.

G.Leuka iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Səfir kimi iki ölkənin uyğun qurumları arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirən moldovalı diplomat əməkdaşlığın gələcək perspektivləri barəsində fikirlərini bölüşüb.

Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi