Azərbaycanda “WhatsApp” istifadəçilərinə gələn fırıldaqçı mesajlarla əlaqədar araşdırma aparılır

Azərbaycanda “WhatsApp” istifadəçilərinə gələn fırıldaqçı mesajlarla əlaqədar araşdırma aparılır "Burada müəyyən qədər mobil operatorlar cavabdehdir"
Biznes
27 Avqust , 2015 10:54
Azərbaycanda “WhatsApp” istifadəçilərinə gələn fırıldaqçı mesajlarla əlaqədar araşdırma aparılır

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycanın “WhatsApp” istifadəçilərinə saxta hesablarından gələn fırıldaqçı mesajlarla əlaqədar araşdırma aparılır, nəticələri barədə hüquqi qərar verilməsi üçün müvafiq strukturlara müraciət olunacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzindən bildirilib.

Mərkəzdən qeyd ediblər ki, bu kimi problemlərlə bağlı əvvəl istifadəçilər tək-tək müraciət edirdilərsə, son dövrlər məsələ qloballaşıb, şikayətlərin sayı çoxalıb: "Burda təkcə texniki pozuntu məsələsi deyil, istifadəçilərin hüquqları pozulur. Araşdırmalarımızdan sonra qanun çərçivəsində buna baxılacaq. Mərkəz vətəndaşların hüquqlarının pozulması ilə bağlı şikayətlərini qanunvericilikdə qeyd olunmuş strukturlara yönləndirib. Biz məsələnin texniki həllinə çalışa bilərik, cəza tətbiq etmək mexanizminə malik deyilik".

Eyni zamanda mərkəzdən bildiriblər ki, belə mesajların yayımlanmasına mobil operatorlar da cavabdehdir: "Burada mobil operatorlar da müəyyən mənada məsuliyyət daşıyırlar, çünki istifadəçilərin nömrələri konfidensialdır və spam üçün istifadə olunursa burada müəyyən qədər mobil operatorlar cavabdehdir".

Azərbaycan daxilində hansı şirkətin bu mesaj xidmətlərindən gəlir əldə etməsi sualını cavablandıran Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzindən bildiriblər ki, hazırda araşdırmalar davam edir və ola bilsin ki, bunun arxasında bir yox bir neçə şirkət dayanır.

"Report" İnformasiya Agentliyi öz növbəsində araşdırma aparıb. Virus mesaj yayılan xidmətdən istifadə edərkən yardım üçün təqdim olunan (012) 404-12-00 və qısa nömrə olan 6555 nömrələrinin "Navigator Mobile Services" (NMS) şirkətinə məxsus olduğu aydınlaşıb. Xatırladaq ki, bir neçə ay öncə məhz bu şirkət vasitəsilə mobil telefonlara pornoqrafik məzmunlu virusun yayıldığı aşkarlanmışdı. Mobil operator istifadəçiləri telefondan bəzi xəbər saytlarına keçid edərkən "hot-ero.net" saytına yönləndirildiklərini bildirirdilər. Virusun telefona daxil olması nəticəsində isə abunəçinin balansından pulun silinməsi faktı qeydə alınmışdı.

Qeyd edək ki, ötən gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi bəyanat yayaraq son günlər Azərbaycanın “WhatsApp” istifadəçilərinə xarici ölkələrə məxsus saxta "WhatsApp" hesablarından fırıldaqçı mesajlar gəldiyi haqqında məlumat vermişdi. Bayanatda qeyd olunub ki, “Göndərilən mesajlarda “WhatsApp Ekran görüntüləri və Smayllar Yeniləməsi sizin telefon nömrəniz +994XXXXXXXXX üçün mövcuddur. İndi yeniləyin!” tipli cümlələr və “Bu mətnə klikləyin” tipli məzmunlar öz əksini tapır. Qeyd edək ki, istifadəçilərin göndərilən mesaja diqqətini cəlb etmək və etibarını qazanmaq üçün fırıldaqçı tərəf əvvəlcə “WhatsApp” adlı qrup yaradır, qurban istifadəçinin nömrəsini həmin qrupa əlavə edir, daha sonra ardıcıllıqla mesaj, şəkil və “contact” göndərir. Xüsusilə diqqətinizə çatdıraq ki, “Bu mətnin üzərinə klikləyin" adlı məzmuna kliklədikdə istifadəçi veb brauzerdə ardıcıl olaraq bir neçə veb sayta yönləndirilir, daha sonra nömrəsini daxil etməli olduğu veb səhifə açılır. Bu veb səhifələr müxtəlif görünüşdə qarşınıza çıxa bilər. Onlardan ikisini diqqətinizə çatdırmaq istəyirik: İstifadəçi öz nömrəsini veb brauzerdə açılan səhifədə qeyd etdikdə o xidmətə qoşulmuş olur və onun nömrə hesabından həm qoşulma, həm də gündəlik olaraq müəyyən miqdarda balans çıxılır. Nəticədə istifadəçilər fırıldaqçılıqla məşğul olan bədniyyətlinin qurbanı olur və xidmət dayandırılanadək gündəlik olaraq müəyyən miqdarda maliyyə itkisi ilə qarşılaşır”. Elektron Təhlükəsizlik Mərkəzi bütün istifadəçilərə tövsiyə edir ki, bu cür hallarla qarşılaşdıqda ehtiyatlı olsunlar, tanımadıqları və barəsində məlumatlı olmadıqları veb səhifələrdə özlərinə məxsus heç bir fərdi məlumatı daxil etməsinlər. Bura həm mobil nömrə, həm bank kartı məlumatları, həm də digər əhəmiyyətli məlumatlar daxildir. Razılaşmada qeyd olunduğu kimi, xidmətə qoşulmuş istifadəçilər "STOP DL" yazıb 65 55-ə göndərməklə xidməti dayandıra bilər.

Son xəbərlər

Orphus sistemi