Yusif Abdullayev: "Özbəkistan şirkəti Qarabağda istehsal müəssisəsi qurmaq istəyir"
- 12 iyun, 2025
- 15:40
Özbəkistanın aparıcı şirkətlərindən biri Qarabağ bölgəsində istehsal müəssisəsi qurmaq niyyətindədir.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Daşkənddə keçirilən "Türk Dünyası İnvestisiyaların Təşviqi Agentliklərinin Rəhbərlərinin Şəbəkələşmə və Əməkdaşlıq Görüşü"ndə bildirib.
O vurğulayıb ki, layihə uğurla həyata keçiriləcək.
Y. Abdullayev həmçinin qeyd edib ki, son 20 ildə Azərbaycan birbaşa xarici investisiyaların cəlb edilməsi sahəsində böyük islahatlar həyata keçirib: “Hazırda Qarabağda genişmiqyaslı tikinti-bərpa işləri aparılır. Son 4 ildə bu ərazilərə 10 milyard ABŞ dollarından çox vəsait yatırılıb. Bu, birbaşa xarici investisiya deyil, dövlət büdcəsindən ayrılan vəsaitdir. Biz həmin bölgədə daha çox xarici şirkətləri görmək istərdik. Hazırda Böyük Britaniya, Türkiyə, Macarıstan və digər ölkələrdən bir çox şirkətlər fəaliyyət göstərir”.
O əlavə edib ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə 5 istiqamət müəyyənləşib: “Bunlardan biri “yaşıl enerji”yə keçiddir. Bu öhdəliyə uyğun olaraq, Qarabağ regionu tam “yaşıl zona” elan edilib. Bu, ölkə üçün mühüm bir mərhələdir. Bu kontekstdə Avropanın son yaşıl təşəbbüsünü-Avropa İttifaqının Karbon Sərhəd Tənzimləmə Mexanizmini (CBAM) qeyd etmək istərdim. Bu baxımdan AZPROMO biznes ictimaiyyətini bu keçid dövründə dəstəkləməyə və daha təmiz istehsal texnologiyalarına investisiya qoyuluşunu təşviq etməyə sadiqdir”.