Vüsal Qasımlı: “I yarımildə qeyri-neft sektorunda artım 5,1%-ə çatıb”

Vüsal Qasımlı: “I yarımildə qeyri-neft sektorunda artım 5,1%-ə çatıb” "Bu ilin ilk yarısında Azərbaycanda iqtisadi artım bərpa olunaraq 2,1 %-ə çatıb".
Biznes
23 İyul , 2021 09:46
Vüsal Qasımlı: “I yarımildə qeyri-neft sektorunda artım 5,1%-ə çatıb”

"Bu ilin ilk yarısında Azərbaycanda iqtisadi artım bərpa olunaraq 2,1 %-ə çatıb".

“Report”un məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, artım qeyri-neft-qaz sənayesində 16,6 %, bitkiçilikdə 8,9 %, heyvandarlıqda 2,4 %, informasiya və rabitə xidmətlərində 5,5 % və pərakəndə ticarət dövriyyəsində 1,7 % olub: “Bu il dünyada sənaye artımı 3,5 % proqnozlaşdırıldığı halda, Azərbaycanda qeyri-neft sənayesinin 16,6 % artması təqdirəlayiqdir. Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft sənayesidir. Ümumiyyətlə, qeyri-neft sektorunda 5,1 %-lik artım qeydə alınıb. Bu dövrdə manatın məzənnəsi sabit qalmış, inflyasiya isə 4,3 %-ə çatmaqla Mərkəzi Bankın müəyyənləşdirdiyi koridorda olub. Baxmayaraq ki, dünya bazar qiymətlərinin yüksəlməsilə idxal inflyasiyası təzyiqi yaranıb, mәzәnnә, pul tәklifi vә faiz dәrәcәlәrindən istifadə etməklə qiymətlərin sabitliyi qorunur. Həm dövlət büdcəsinin, həm də cari əməliyyatlar hesabının profisitdə olması, həmçinin strateji valyuta ehtiyatlarının dövlətin xarici borcunu altı dəfə üstələməsi makroiqtisadi sabitliyin fundamental əsasları sayıla bilər. Qeyri-neft sektoru üzrə ixrac ilk beş ayda 25,8 % və Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinin gəlirləri qeyri-neft sektorundan ilk altı ayda 9,5 % artıb. Fiskal vә monetar siyasәtin səmərəli koordinasiyası makroiqtisadi sabitliyi təmin edir”.

V.Qasımlı bildirib ki, Azərbaycan iqtisadiyyatı Qarabağın reinteqrasiyası və regional kommunikasiyaların açılması perspektivi, habelə ölkənin müdafiə və rəqabət qabiliyyətinə qarşı yeni tələblərin müəyyənləşməsilə yeni miqyas və keyfiyyət dəyişikliyi ərəfəsindədir: “Artıq Qarabağda minalardan təmizlənmə yeni vüsət alıb, müasir şəhərsalma prosesi tam sürətlə gedir, “ağıllı yaşayış” məntəqələri, salınır, aqrobiznes, dağ-mədən, tikinti, nəqliyyat-logistika, xidmət sferaları bərpa olunur. İşğaldan azad olunan ərazilərdə yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları regional ixtisaslaşmanı dərinləşdirməklə, idarəetmənin səmərəliliyinin artırılması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətlidir. Xüsusən, Şərqi-Zəngəzurun nəqliyyat-logistika qovşağı kimi “Zəngəzur dəhlizi” perspektivi ilə tamamlayıcı olmasınının böyük siyasi, iqtisadi və tarixi əhəmiyyəti var”.

Onun sözlərinə görə, Azərbaycanın maliyyə-bank sektorunda böhrandan sonra sabitləşmə davam edir, likvidlik və kapital adekvatlığı yüksək səviyyədədir: “İlin əvvəlindən kredit qoyuluşları 3,3 %, depozitlər 7,7 %, əhalinin əmanətləri 5,3 % və bankların xalis xarici aktivləri 10,3 % artıb. Bu il pul siyasәtinin əsas istiqamətləri manatın və qiymәtlərin sabitliyi, monetar siyasәtin effektivliyi, maliyyә sektorunun sabitliyinin tәmin edilmәsi və requlyativ güzәştlәrdәn istifadә etməklə iqtisadiyyatın post-pandemiya dövründə canlanmasına dəstək verməkdir”.

V.Qasımlı qeyd edib ki, ölkənin post-konflikt quruculuğu beynəlxalq miqyasda da yüksək qiymətləndirilib: "Bu il Azərbaycan “Doing Business” hesabatında 34-cü yerdən 28-ci yerə, “İqtisadi azadlıq indeksi” hesabatında 44-cü yerdən 38-ci yerə və “Qlobal kibertəhlükəsizlik” hesabatında 55-ci yerdən 40-cı yerə yüksəlib. IMF-nin missiyası hesab edir ki, Azərbaycan hökuməti cəld hərəkətə keçərək, xarici şokların təsirini yumşaldıb. Bundan sonra iqtisadi siyasətin hədəfi özəl sektorun inkişafı, biznes mühitinin daha da yaxşılaşması, idarəetmə və şəffaflıq sahəsində islahatların davam etdirilməsi, həmçinin maliyyəyə çıxışın yaxşılaşması hesabına iqtisadi şaxələnmənin dərinləşməsi və iqtisadiyyatın şoklara dayanıqlılığının yüksəldilməsi olmalıdır".

Son xəbərlər

Orphus sistemi