2023-cü ildə Macarıstanın türk dövlətləri ilə ticarət dövriyyəsinin dəyəri 5 milyard ABŞ dollarını keçib.
“Report” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, Macarıstan TDT ölkələri ilə enerji sahəsində əməkdaşlığı da fəal şəkildə genişləndirir.
"Türkiyə təbii qaz aldığımız ilk ölkə olub. Biz, həmçinin Azərbaycandan da ilk qaz həcmlərini əldə etmişik. Bundan başqa, neft hasilatı sahəsində əməkdaşlıq qurulub. Buna görə də göstərilən dəstək və yardıma görə hamınıza təşəkkür etmək istəyirəm", - o bildirib.
V.Orban vurğulayıb ki, Macarıstan artıq Türk İnvestisiya Fonduna töhfələrlə bağlı öhdəliklərini yerinə yetirməyə başlayıb və 100 milyon ABŞ dolları köçürüb.
"Ümid edirəm ki, TDT şirkətləri ölkələrimizin iqtisadi inkişafı üçün Macarıstana sərmayə qoyacaq", - o əlavə edib.