Tikinti materialları satanlar bazarda süni qiymət artımı yaradır
- 22 sentyabr, 2021
- 08:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycana Rusiya, Türkiyə, İran kimi ölkələrdən tikinti materialları idxal olunur. Ölkə daxilində də tikinti materialları istehsal edən şirkətlər var. Həmin ölkələrin tikinti sektorunda və yerli şirkətlərin siyasətlərində baş verən dəyişikliklər Azərbaycanda tikinti materiallarının qiymətinə təsir göstərir.
“Report” tikinti materialları bazarındakı mövcud qiymətlərlə maraqlanıb.
Ölkədəki qiymətləndirmə şirkətlərindən birinin baş mütəxəssisi Tural Bağırov “Report”a açıqlamasında bildirib ki, Rusiyadan gətirilən materialların qiymətində kəskin artım var:
“Əsasən ölkəyə Rusiyadan gələn taxta materiallarında kəskin qiymət artımı müşahidə olunur. Bu, həm mövcud pandemiya şəraiti, həm də Rusiyada havaların daha sərt keçməsi ilə əlaqədardır. Qonşu ölkədən gələn taxta materiallarının qiyməti son ildə 50 %-ə qədər artıb. Ölkəmizdə istehsal olunan digər materialların isə qiymət artımı 20-25 %-dir. Bu işçilik qiymətlərinə də təsir edir. İşçilər materialların baha olduğunu görüb işlərinin haqqını baha deyirlər. Əvvəllər 20 manata işləyən fəhlələr artıq xidmətlərini gündəlik 25-30 manat təklif edirlər”.
T.Bağırovun sözlərinə görə yerli satış təmsilçiləri də qiymətləri artırıb:
“Yerli bazardakı satış təmsilçiləri də havaların bir müddət sonra soyuyacağı səbəbilə müəyyən qədər qiymət artımı yaradırlar. Xaricdən gələn materialların ümumi dəyəri 5-10 % artandan sonra öz satıcılarımız da bazara qiyməti artıq təklif edirlər.
Zəfər müharibəsindən sonra azad olunan trorpaqlarda böyük tikinti işlərinin aparılması planlaşdırılır. Belə olan halda satış təmsilçiləri tələbatın artacağını ehtimal edərək az-az da olsa, tikinti materiallarının qiymətlərinə öz əlavələrini edirlər. Enerji daşıyıcılarının da qiymət artımı, daşıma xərclərində və tikinti bazarında artıma səbəb olur”.
“llin sonunda, yəni qış aylarında tikinti bazarında müəyyən səngimələr olacaq. Ehtimal edirik ki, bu dövrdə durğunluqdan asılı olaraq tikinti materiallarının qiymətində 5-10 % enmə yaranacaq”, - deyə T.Bağırov əlavə edib.
Qeyd edək ki, bu ilin avqust ayında tikinti materialları bazarında qiymətlərdə 0,73 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12,53 % artım olub. Bu barədə “Report”a daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.