SOCAR-ın törəməsi Gürcüstanın ən böyük investor şirkətləri siyahısında yer alıb

Biznes
  • 12 mart, 2025
  • 13:36
SOCAR-ın törəməsi Gürcüstanın ən böyük investor şirkətləri siyahısında yer alıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan "SOCAR Midstream Operations" 2024-cü ilin IV rübündə Gürcüstan iqtisadiyyatına birbaşa sərmayə yatıran ən iri şirkətlər siyahısına daxil edilib.

“Report” xəbər verir ki, Gürcüstanın Business Media nəşrinin tərtib etdiyi “2024-cü ilin IV rübünün 10 investor şirkəti” reytinqində "SOCAR Midstream Operations" ilk onluqda yer alıb.

Məlumata görə, ötən ilin oktyabr-dekabr aylarında Gürcüstana qoyulan birbaşa xarici investisiyaların həcmi 367,5 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24,4 % çoxdur.

Bu müddətdə Gürcüstana ən çox investisiya yatıran ölkə Böyük Britaniya olub. Xarici investisiyaların 85,6 %-i maliyyə və sığorta sektoruna yönəldilib. Daşınmaz əmlak sahəsi 65,8 milyon ABŞ dolları (17,9 %) investisiya ilə ikinci, istehsal sektoru isə 23,1 milyon ABŞ dolları (6,3 %) ilə üçüncü olub.

"Business Media" nəşrinin hesabatına əsasən, 2024-cü ilin IV rübündə Gürcüstana ən çox investisiya qoyan şirkətlər tikinti, əczaçılıq, energetika, neft və logistika sahələrində fəaliyyət göstərən müəssisələrdir.

Siyahıda birinci yeri “Wissol” yanacaqdoldurma məntəqələri şəbəkəsi, ikinci yeri “Black Sea Terminal” yük daşımaları və anbarlaşdırma şirkəti, üçüncü yeri isə “Tbilisi Energy” təbii qazın təchizatı və paylanması şirkəti tutub.

Daha sonra “Abipharm” dərman istehsalı, “Silk Road Group” investisiya şirkəti, “IG Development Georgia” tikinti və daşınmaz əmlak, “BGeo Group” maliyyə və investisiya şirkətləri, “EPAM Systems” kompüter və proqram təminatı, “Global Beer Georgia” pivə və limonad istehsalı şirkətləri yer alıb.

Bu siyahıda Azərbaycanın "SOCAR Midstream Operations" şirkəti də Gürcüstan iqtisadiyyatına birbaşa investisiya yatıran ən iri şirkətlərdən biri kimi qeyd edilib.

Xatırladaq ki, "SOCAR Midstream Operations" şirkəti Azərbaycanın strateji səhmdar maraqlarını qorumaq məqsədilə qurudakı neft və qaz ixrac boru kəmərlərində və obyektlərində fəaliyyət göstərir. SOCAR-ın törəmə müəssisəsi kimi Cənubi Qafqaz Boru Kəməri (CQBK), Bakı-Tbilisi-Ceyhan (BTC), Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərində (TAP) səhmdarlığın idarə olunmasını təmin edir.

Bundan əlavə, "SOCAR Midstream Operations" CQBK sisteminin gələcək kommersiya və texniki genişləndirilməsi proseslərini dəstəkləyir, CQBK-nin Kommersiya İstismarçısı (operatoru) rolunda çıxış edir, Qərb İxrac Boru Kəməri Marşrutu ilə bağlı məsələlərdə "SOCAR Upstream Management International" şirkətinin texniki məsləhətçisi kimi fəaliyyət göstərir. Həmçinin şirkət, TANAP layihəsinin texniki və kommersiya əməliyyatlarının idarə olunmasına nəzarəti həyata keçirir və əməliyyat risklərinin optimallaşdırılması üçün qabaqcıl təcrübələri tətbiq edir.