Şahin Mustafayev: "Pandemiyaya baxmayaraq İran-Azərbaycan arasında ticarət əməliyyatları dayandırılmayib"

Biznes
  • 25 yanvar, 2022
  • 08:39
Şahin Mustafayev: Pandemiyaya baxmayaraq İran-Azərbaycan arasında ticarət əməliyyatları dayandırılmayib

"Azərbaycan və İran arasında ötən ilin yanvar-noyabr ayları ərzində ticarət dövriyyəsi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 30 %-ə yaxin artıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri və İran-Azərbaycan Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündən sonra deyib.

"Pandemiyaya baxmayaraq İran və Azərbaycan arasında idxal-ixrac əməliyyatları, avtomobil daşımaları dayandırılmayib", - deyə o qeyd edib.

Şahin Mustafayevin sözlərinə görə, Azərbaycan ərazisindən keçən yük avtomobillərinin sayı ötən ilin 11 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 62,5 % artıb. Bir milyon 300 minə yaxın avtomobil hərəkət edib: "Bu, ölkələrimiz arasında hazırda fəaliyyətdə olan və getdikcə təşviq edilən Şimal-Cənub nəqliyyat dəhlizinin töhfəsidir".