"Bakıda Rusiya şirkətlərinin şourumun açılış tədbirinin keçirilməsi ikitərəfli iqtisadi əlaqələrimizin inkişafında böyük rol oynayır, məqsədlərimizə çatmağa kömək edir".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakı Biznes Mərkəzində fəaliyyətə başlayan şourumun açılışında bildirib.
O qeyd edib ki, bu tədbirlərdə iştirak öz bəhrəsini verəcək:
"Bizim sahibkarlar burada yaxşı platforma ilə tanış olacaqlar. Düşünürəm ki, bu platformalar sayəsində yaxşı nəticələr əldə edəcəyik".
Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev vurğulayıb ki, bu günkü tədbir Azərbaycan və Rusiya arasındakı ticarət-investisiya əlaqələrinin inkişafı üçün gözəl göstəricidir: "Burada asas məqsəd Rusiyanın həm mərkəzi, həm də regionları ilə ticarət əlaqələrinin qurulmasıdır".
O qeyd edib ki, ölkəmizdə bu məsələyə çox ciddi diqqət yetirilir:
“Məhz Ryazan vilayətindən gələn sahibkarların Bakı Biznes Mərkəzində təşkil olunmuş tədbir bir neçə il bundan əvvəl onlar tərəfindən təqdim olunub. Bu artıq altıncı “şourumdur.
Təbii ki, Ryazan vilayətindən gələn sahibkarların əsas məqsədi Azərbaycana məhsullar ixrac etməkdir. Bizim məqsədimiz isə bu şirkətlərlə birgə layihələr icra etməkdir. Bu dəqiqə Azərbaycanın işğaldan azad edilmiş ərazilərini də nəzərə alsaq, olduqca böyük potensialı var. Bu gün tədbirdə iştirak edən rəsmi şəxslərə də bu barədə məlumat verdik”.
Sərgidə Rusiya Federasiyasının Ryazan vilayətindən olan 57 istehsalçı iştirak edir. Onlar 500-dən çox məhsul və İT həllər təqdim ediblər. Ryazan vilayəti rəhbərliyinin nümayəndəliyinin müavini Artyom Nikitin bildirib ki, bu məhsullar yerli bazarın tələbatlarına uyğundur.
A.Nikitin qeyd edib ki, bu tədbir Azərbaycan və Rusiya arasında işgüzar əlaqələrin qurulmasına, ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcək: "Burada məhsullarla tanış olan iş adamları onları maraqlandıran şirkətlərlə danışıqlar aparmaq imkanı əldə edəcəklər".