Müsəlman ölkələrin potensialını nəzərə alaraq, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına (ICCIA) üzv olan ölkələrlə əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac var.
"Report" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Bakıda keçirilən Direktorlar Şurasının 35-ci iclasında bildirib.
"Ötən illər ərzində ICCIA -ya üzv olan ölkələrlə münasibətlərimiz daha da möhkəmlənib. Ümumiyyətlə, müsəlman ölkələrin Azərbaycana marağı artır. Azərbaycanın coğrafi mövqeyi bir sıra potensialların reallaşdırılmasıma imkan verir", - S. Məmmədov qeyd edib.
Nazir müavini bildirib ki, ölkədə sosial-iqtisadi inkişafla bağlı bir çox nailiyyətlərə imza atılacaq: "Sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi üçün kifayət qədər əlverişli mexanizmlər var. İnvestisiyaların ölkəyə cəlbi üçün əlverişli mühit yaradılıb. Biz də biznes mühitin genişləndirilməsi sahəsində səylərimizi əsirgəmirik".
Onun sözlərinə görə, son 20 ildə Azərbaycanda milli iqtisadiyyatın real həcmi 4 dəfə, ixrac isə 15,6 dəfə artmıb: "İqtisadiyyatın orta artım tempi dünya üzrə orta göstəricidən 4 faiz bəndi yüksək olub və Azərbaycan yuxarı orta gəlirli ölkəyə çevrilib. Ölkənin strateji valyuta ehtiyatları 41,9 dəfə artıb. Özəl sektorun ÜDM-də payı 83 %-i ötüb, məşğulluq səviyyəsi 78 %-ə yaxınlaşıb".