Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri və Azərbaycan iqtisadiyyatlarında başlıca sahələrdə, o cümlədən energetika, mədən sənayesi, neft-kimya sənayesi, turizm, KOB-lar, qida və kənd təsərrüfatı, qida təhlükəsizliyi ilə əlaqəli strateji layihələrdə tərəfdaşlıq və qarşılıqlı investisiya üçün perspektivlər var.
"Report" xəbər verir ki, bunu Qətərin ticarət və sənaye nazirinin müşaviri Mohammed bin Hassan Al Malki İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan - KƏŞ üzv ölkələrinin 2-ci iqtisadi forumunda deyib.
O bildirib ki, Azərbaycanla KƏŞ dövlətləri arasındakı strateji tərəfdaşlıq inkişaf edir: "Bu tərəfdaşlıq qarşılıqlı etimada və mənafeyə əsaslanır. Tərəflər arasındakı yüksək əlaqələr və faydalı əməkdaşlıq ticarət mübadiləsinin həcmində öz əksini tapir. Belə ki, ticarət mübadiləsi son illər iki dəfədən çox artarıb. Belə ki, 2015-ci ildə təxminən 612 milyon ABŞ dolları olan ticarət əlaqələri 2023-cü ildə 194 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. Biz KƏŞ dövlətləri ilə Azərbaycan arasında mövcud imkanlardan istifadə etməklə bu əlaqələrin inkişafında yeni səviyyələrə gəlib çata bilərik".
Qətər rəsmisi qeyd edib ki, qida təhlükəsizliyi, kənd təsərrüfatı, bərpa olunan enerji, sənaye, logistika, nəqliyyat və digər mühüm sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün işlər görülür: "Bu, KƏŞ və Azərbaycan özəl sektorlarına imkan verəcək ki, uğurlu və müxtəlif investisiya tərəfdaşlıqları yaradılmasında fəal çalışsınlar. Bu dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün qarşılıqlı cəhdlərimizi də dəstəkləyəcək və dövlətlərimiz arasında ticarət mübadiləsini təşviq edəcək. Biz Azərbaycandakı tərəfdaşlarımızla bu sahələrdə əməkdaşlığa can atırıq, bu, bizim müştərək hədəflərimizin reallaşmasına kömək edəcək".