Poti Sənaye Zonası Azərbaycan şirkətlərinin iştirakını genişləndirməyi təklif edir

Biznes
  • 16 dekabr, 2021
  • 11:38
Poti Sənaye Zonası Azərbaycan şirkətlərinin iştirakını genişləndirməyi təklif edir

“Gürcüstanın Poti Sənaye Zonasında fəaliyyət göstərən şirkətlərin 30 %-i Azərbaycan kapitallı şirkətləridir. Bu göstərici ilbəil artır”.

Bunu “Report”a açıqlamasında Poti Azad Sənaye Zonanın rəsmisi Tamar Sakheişvili deyib.

O bildirib ki, Azərbaycan şirkətləri ilə əməkdaşlığı genişləndirmək istiqamətində böyük potensial var: “Azərbaycan bizim üçün əsas hədəf ölkələrdən biridir və Gürcüstanın Poti Sənaye Zonasına ən böyük dəstək göstərən ölkələrdəndir. Hazırda limanda fəaliyyət göstərən Azərbaycan şirkətləri əsasən tikinti materiallarının istehsalı, tekstil, kimya sahələrində fəaliyyət göstərirlər”.

O, Azərbaycandan olan şirkətləri Poti Sənaye Zonasına investisiya yatırmağa çağırır: "Şirkətlər Poti Sənaye Zonasında ticarət və istehsalat əməliyyatlarını icra edə bilərlər. Azərbaycan və Gürcüstan logistik cəhətdən bir-birinə bağlıdır. Bizim limanın yerləşdiyi ərazi isə Azərbaycanın istifadə etdiyi istiqamətdir. Bizim əməkdaşlığımız Azərbaycan şirkətlərinə Qara dəniz istiqamətində hərəkəti çox sürətli və asan, kifayət qədər müqayisəli qiymətlərlə həyata keçirmək üçün yaxşı imkan yaradır. Azərbaycan şirkətləri zonada fəaliyyət göstərərək məhsullarını MDB və Avropa ölkələrinə ixrac etmək imkanı əldə edirlər, həmçinin, zonanın şirkətlərə yaratdığı bir sıra üstünlüklərdən istifadə edə bilərlər. Biz bütün sahələr üzrə fəaliyyət göstərən şirkətlər üçün açığıq. Ərazimiz kifayət qədər böyükdür və 300 hektarı əhatə edir”.

T.Sakheişvili dekabrın 14-də Bakıda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumun əhəmiyyətinə toxunub: “Ölkələr arasında əlaqələri dərinləşdirmək, müəssisələr arasında əlaqələri qurmaq, həmçinin, ticarət və karqo yük daşınmasını həyata keçirilməsi üçün danışıqların aparılmasında bu tədbir çox yaxşı platforma idi”.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5 % artaraq 623 milyon 263 min ABŞ dolları təşkil edib. Azərbaycanın ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,2 % artaraq 539 milyon 463 min ABŞ dolları, idxalı isə 42,6 % artaraq 83 milyon 800 min ABŞ dolları təşkil edib.