Pakistan şirkətləri Azərbaycan vasitəsilə digər bazarlara çıxmaq istəyirlər

Biznes
  • 07 aprel, 2022
  • 13:27
Pakistan şirkətləri Azərbaycan vasitəsilə digər bazarlara çıxmaq istəyirlər

Pakistanın idman, tekstil və əczaçılıq mallarının, cərrahiyyə avadanlıqlarının istehsalı, həmçinin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 25-dən çox şirkəti Azərbaycanla ticarət əlaqələri qurmaq və burdan digər ölkələrin bazarlarına çıxmaq istəyirlər.

Bunu “Report”a açıqlamasında Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının sədri Xürrəm Bhattin bildirib.

“Pakistan şirkətləri ilə müzakirələrdə deyirəm ki, Azərbaycana sıradan bir ölkə kimi baxmayın, onu coğrafi mövqeyinə görə, biznes hab kimi qiymətləndirin. Pakistan məhsulları Azərbaycana gətirilə və digər MDB ölkələrinin bazarlarına ixrac edilə bilər. Çünki Azərbaycanla MDB ölkələri arasında azad ticarət razılaşması var və güzəştli gömrük tarifləri tətbiq edilir.

Bir müddət əvvəl Azərbaycanda Pakistan düyü festivalı keçirilib. Biz Pakistan ixracatçılarını məlumatlandırdıq ki, Azərbaycanı MDB regionu üzrə biznes hab olaraq dəyərləndirsinlər. Pakistan ixracatçıları düyü üzrə 50 milyon ABŞ dolları dəyərində olan yerli bazara köklənməsinlər, region bazarına diqqət yetirsinlər. Regionun düyü ehtiyacının dəyəri isə 300 milyon ABŞ dollarıdır.

Ötən il Pakistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycanda mango festivalı da keçirilib və çox bəyənilib. Manqoların böyük partiyası ötən il TIR-larla Azərbaycan vasitəsilə Rusiyaya göndərilib”, - deyə o, qeyd edib.

Xatırladaq ki, Azərbaycanda 2 minə yaxın Pakistan şirkəti qeydiyyatdan keçib. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri əvvəlki ilə nisbətən 11,6 % az - 11,729 milyon ABŞ dolları təşkil etsə də, bu ilin iki ayında ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 70 % artaraq 3,391 milyon ABŞ dolları təşkil edib.

44 filmi