Azərbaycanda korporativ idarəetmə sahəsini təkmilləşdirilməsi üçün yeni addımların atılmasına ehtiyac var.
"Report" xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Baku International CEO Summit"ində çıxışı zamanı deyib.
Onun sözlərinə görə , korporativ idarəetmə prinsipləri biznesin rəqabətqabiliyyətliyini və kommersiya dəyərini artıran bir vasitədir: "Bu baxımdan bütövlükdə biznes subyektlərinin bu siyasətə cəlb edilməsi, o cüməldən biznesdə korporativ idarəetmənin təkimilləşdirilməsi əhəmiyyətli ola bilər və bunun üçün ölkəmizdə münbit şərait yaradılıb. Bu təşəbbüslər yaxşı başlanğıc sayılsa da, ölkəmizdə korporativ idarəetmə sahəsi üzrə fəaliyyətlərin təkmilləşdirilməsi üçün kifayət deyil və bu sahədə yeni addımların atılmasına ehtiyac vardır. İlk növbədə, ölkəmizdə korporativ idarəetmənin inkişafını, onun əhatə dairəsinin genişləndirilməsini təmin etmək üçün bilik və bacarıqları olan mütəxəssislərin yetişdirilməsinə ehtiyac var".
O əlavə edib ki, biznes subyektləri arasında məlumatlılığın kifayət qədər olmaması korporativ idarəetmə məsələlərinin inkişafına təsir edir və dayanıqlı inkişaf prinsiplərinə uyğun fəaliyyətin qurulması bir çox hallarda çətinləşir:
"Məhz buna görə də, korporativ idarəetmə və dayanıqlı inkişaf mövzularında bütün maraqlı tərəflərin məlumatlılığını artırmaq məqsədilə çoxşaxəli maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir.
Bildirmək istərdim ki, KOBİA tərəfindən ölkəmizin müxtəlif şəhər və rayonlarında yaradılmış KOB inkişaf mərkəzlərində müasir çağrışlara uyğun sahibkarlar üçün təşkil edilən təlimlər və praktik məsləhət xidmətləri korporativ idarəetmənin təşviqi və inkişafı üçün əhəmiyyətlidir. İnanıram ki, yaxın müddət ərzində biznes subyektləri fəaliyyətlərində korporativ idarəetmənin yeni və uğurlu tətbiqi və inkişafı üçün stimul qazanacaq".