"Azərbaycan müstəqillik qazandığı ilk gündən BMT ilə əlaqələrin inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə hər cür səylər göstərilir".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən “Azərbaycanda Yaşıl transformasiya” adlı konfransda deyib.
"Beynəlxalq təşkilatlarla münasibətlərə xüsusi önəm verən ölkəmiz BMT-nin bir çox ixtisaslaşmış qurumları və agentlikləri ilə səmərəli əməkdaşlıq edir, təşkilatın inkişafla bağlı qlobal təşəbbüslərində fəal iştirak edir: "Azərbaycan BMT-nin üzvü olan ölkələrin 2015-ci ildə keçirilmiş Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə “2030 Gündəliyi” təşəbbüsünə qoşulub, qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını və Kioto protokolunu ratifikasiya edib. Bu qlobal təşəbbüslər üzrə götürdüyümüz öhdəliklərin həyata keçirilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevrilib. Bu istiqamətdə ölkədə sosial-iqtisadi, ətraf mühit sahələrini əhatə edən dövlət proqramları, strategiyalar, tədbirlər planları DİM-lərin məqsədlərinə və hədəflərinə uyğunlaşdırılır. Ölkəmiz regionda ilk ölkə olaraq DİM-lərin icrası istiqamətində görülmüş işlərin yekunu kimi BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabat (2017, 2019 və 2021-ci illərdə) təqdim edib. Bu, Azərbaycan hökumətinin DİM-lərin həyata keçirilməsi üzrə öhdəliklərə verdiyi əhəmiyyətin bariz nümunəsidir", - deyə o, qeyd edib.
Nazir müavini əlavə edib ki, görülmüş işlərin nəticəsi olaraq, BMT-nin üzvü olan ölkələrdə DİM-lərin icrasının təhlili məqsədilə hər il dərc olunan “Dayanıqlı İnkişaf - 2022” hesabatında Azərbaycan mümkün 100 baldan 73, 5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşıb və bu göstərici üzrə ölkəmiz 2021-ci il üzrə hesabatdakı mövqeyi ilə müqayisədə 5 pillə irəliləyib. Ölkəmiz hər üç ölkədən 2-ni qabaqlayıb, Cənubi Qafqazda lider mövqeyini qoruyub".