“Azərbaycanda daha bir mühüm məsələ maliyyə sektorunun iqtisadi artıma və şaxələnməyə dəstəyinin gücləndirilməsidir. Cənab prezident də dəfələrlə bu məsələni vurğulayıb".
“Report” xəbər verir ki, bunu “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payının artırılması prioritet vəzifə kimi görülür. Təəssüf ki, keçən ildə də qeyd etdiyimiz səbəblərə görə əlverişsiz iqtisadi dinamika gördük. Bankların biznes kreditləri azalıb.
Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bu prinsip əvvəlki illərdə olduğu kimi yenə də əsas hədəflərdən biridir. Hökumət qeyri-neft ixracını genişləndirilməsi və rəqabətli klasterlərin inkişafının sürətləndirilməsinə nail olmaq niyyətindədir. Bu məqsədlə qeyri-neft ixracının artımını təşviq edən strategiya həyata keçiriləcək. Yeni milli ixrac strategiyası ixrac məhsullarının həm çeşidini, həm də satış bazarlarının coğrafiyasının genişləndirilməsini ehtiva edəcək.
Ölkəmizin hazırda ixrac potensialı yüksək olan 120-yə yaxın məhsulu var və bu məhsulların 20-dən çox hədəf bazarları istiqamətində yönəldilməsi nəzərdə tutulur. Bu sahədə innovativ ekosistem inkişaf etdirilməlidir. 2025-ci ildə 2020-ci ilə nisbətən qeyri-neft ixracının həcminin 2 dəfə artırılması hədəflənir", - deyə o, qeyd edib.
Nazir əlavə edib ki, regionların tarazlı və dayanıqlı inkişafının təmin olunması əsas idarəetmənin yeni prinsiplərinə uyğunlaşdırılmalıdır.