Mikayıl Cabbarov: “Yaşıl iqtisadiyyat”ın inkişafı ekoloji təhlükəsizliyin qorunmasına hesablanıb”

Mikayıl Cabbarov: “Yaşıl iqtisadiyyat”ın inkişafı ekoloji təhlükəsizliyin qorunmasına hesablanıb” Azərbaycanda "yaşıl iqtisadiyyat”ın inkişafı, "yaşıl” layihələrin icrası iqtisadi səmərəliliklə yanaşı, ekoloji təhlükəsizliyin qorunmasına hesablanıb.
Biznes
9 Sentyabr , 2024 10:43
Mikayıl Cabbarov: “Yaşıl iqtisadiyyat”ın inkişafı ekoloji təhlükəsizliyin qorunmasına hesablanıb”

Azərbaycanda "yaşıl iqtisadiyyat”ın inkişafı, "yaşıl” layihələrin icrası iqtisadi səmərəliliklə yanaşı, ekoloji təhlükəsizliyin qorunmasına hesablanıb.

“Report” xəbər verir ki, bunu Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Yaşıl biznes”in inkişafı üçün əlverişli normativ baza formalaşdırılır, bir sıra dəstək alətləri tətbiq olunur”, - deyə o qeyd edib.

“Son bir neçə ildə həyata keçirilən vergi siyasətində "yaşıl iqtisadiyyat”ın dəstəklənməsi ilə bağlı qanunverici təşəbbüslər yer alıb. Ətraf mühitin qorunması üçün vergi güzəştləri, köhnə maşınların ölkəyə idxalının məhdudlaşdırılması, avtomobillərin utilizasiyası, elektrik və hibrid avtomobillərin idxalının stimullaşdırılması, alternativ enerjinin dəstəklənməsi sahəsində güzəştlər və s. kimi tədbirlər ölkənin gündəliyinin “yaşıl enerji” ilə bağlılığından irəli gəlir.

Ortamüddətli perspektivdə ölkəmizin vergi siyasətində yaşıl enerjinin dəstəklənməsi prosesi davam etdiriləcək. "İqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və “yaşıl” vergilərin tətbiq dairəsinin müəyyən edilməsi istiqamətində iş aparılır. Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, karbon emissiyasının azaldılması məqsədilə "karbon vergisi" və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi nəzərdən keçirilir”, - deyə nazir əlavə edib.

“Yaşıl iqtisadiyyat”a dəstək tədbirlərindən biri kimi sənaye parklarını, xüsusilə tullantıların təkrar emalı sahəsində ixtisaslaşmış Balaxanı Sənaye Parkını qeyd etmək olar. Park ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı, istehsal sahəsində məşğulluğun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. İş adamlarımız yaradılmış bu imkanlardan faydalanaraq, qabaqcıl çağırışlara uyğun innovativ istehsal sahələri qura bilərlər.

Sahibkarların “yaşıl layihə”lərini Sahibkarlığın İnkişafı Fondu maliyyələşdirir. İndiyə qədər Fondun güzəştli kreditlərindən yararlanmış “yaşıl layihə”lər təkrar emal, alternativ enerji mənbələrinə keçid, elektromobillər üçün elektrik doldurma məntəqələrinin yaradılması kimi istiqamətləri əhatə edir.

“Yaşıl layihə”ləri həmçinin qrant, "Startap" şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə, maliyyə imkanlarına çıxış kimi alətlərlə KOBİA dəstəkləyir.

KOB-ları daha fəal olmağa, innovativ təşəbbüslərlə yaradılmış imkanlardan, dövlət dəstəyindən faydalanmağa dəvət edirəm. "Yaşıl enerji” layihələri iqtisadi, ekoloji və enerji təhlükəsizliyi baxımından regional və qlobal əhəmiyyət kəsb edir”, - deyə M.Cabbarov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi