İqtisadiyyat naziri Mikayıl Cabbarov və Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinin iştirakı ilə Gəncə və ətraf rayonlarda yerləşən qeyri-neft sənayesi istehsalçıları və ixracatçıları ilə görüş keçirilib.
"Report" nazirliyə istinadən xəbər verir ki, nazir sənaye müəssisələrinin yaradılması və bu sahədə idxaldan asılılığın azaldılması üçün reallaşdırılan tədbirləri diqqətə çatdırıb. Bildirilib ki, son illər aparılan islahatların nəticəsində güzəştli maliyyələşmə, kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmlərinə çıxış imkanları genişləndirilib, investisiya təşviqi mexanizmi əhəmiyyətli dərəcədə təkmilləşdirilib, sənaye zonalarının inkişafı təşviq olunub, dövlətin yeni dəstək alətləri tətbiq edilib. Bununla belə, yeni çağırışlara uyğun olaraq tədbirlərin görülməsinə dair müzakirələrə ehtiyac var.
Sahibkarlarla qeyri-neft sənayesindəki inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq barədə fikir mübadiləsi aparılıb. İş adamları ilə xammalın keyfiyyəti, investisiya təşviqi, bank-maliyyə hesablaşmaları, daxili bazarın qorunması, kommunal xidmətlərdə differensial tariflər, dövlət satınalmaları, kredit resurslarına çıxış, ixtisaslı kadr potensialı kimi məsələlər müzakirə edilib. Sahibkarların təklifləri əsasında dövlətin dəstək və təşviq alətlərinin daha da təkmilləşdirilərək sistemli şəkildə davam etdiriləcəyi, sahibkarlığın bundan sonra da dəstəklənəcəyi diqqətə çatdırılıb.
Tədbir iştirakçıları görüşdən sonra dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sarayında yaradılmış şəraitlə tanış olublar.
Belə görüşlərin davamlı olaraq digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlarla görüşüb.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Gəncə və ətraf rayonlarda qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə səmərəli görüşümüz oldu. Qeyri-neft sənayesindəki inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq barədə sahibkarlarla müzakirələr apararaq sualları cavablandırdıq və təklifləri dinlədik", - deyə o qeyd edib.