Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində tranzit keçən daha bir alma yüklü avtomobildən külli miqdarda narkotik vasitə aşkar edilib.
“Report” komitəyə istinadən xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “alma” yükü aparan nəqliyyat vasitəsinə “Cənub-Astara” gömrük postunda kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.
Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 4 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki yeşiklərdə üzəriləri alma yükü ilə örtülməklə gömrük nəzarətindən gizlədilən 126 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 78 kiloqram 332 qram narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.