İranda yeni ilin başladığı martın 21-dən avqustun 21-nə qədərki 5 ay ərzində qonşu ölkə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrlə 4,976 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38 % çoxdur.
Ticarət əməliyyatları 7,944 milyon ton əmtəəni əhatə edib. Bunun 6,107 milyon tonu və yaxud 2,953 milyard dollarlıq hissəsi İranın ECO ölkələrinə ixracının, 1,837 milyon tonu və yaxud 2,014 milyard dollarlıq hissəsi isə İranın ECO ölkələrindən idxalının payına düşüb. O cümlədən Türkiyəyə 1,106 milyard dollar, Əfqanıstana 855 milyon dollar, Pakistana 421 milyon dollar, Özbəkistana 174 milyon dollar, Azərbaycana isə 161 milyon dollar dəyərində mal ixrac olunub.
Xatırladaq ki, ECO 1985-ci ildə Tehranda İran, Pakistan və Türkiyə liderlərinin iştirakı ilə qurulub. Sonradan təşkilata Azərbaycan, Əfqanıstan və 5 Orta Asiya ölkəsi qoşulub.