İqtisadiyyat Nazirliyi İslam İnkişaf Bankı ilə Anlaşma Memorandumu imzalayıb

İqtisadiyyat Nazirliyi İslam İnkişaf Bankı ilə Anlaşma Memorandumu imzalayıb İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Azərbaycan üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu imzalanıb.
Biznes
30 Yanvar , 2024 17:36
İqtisadiyyat Nazirliyi İslam İnkişaf Bankı ilə Anlaşma Memorandumu imzalayıb

İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı (İİB) arasında Azərbaycan üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu imzalanıb.

“Report” xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, sənəd Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə videokonfrans formatında imzalanıb:

“Anlaşma Memorandumunun icrası tərəflər arasında əməkdaşlığın və ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyətin gücləndirilməsinə töhfə verəcək. Həmçinin görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - deyə nazir əlavə edib.

***

İqtisadiyyat Nazirliyinin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə M.Cabbarov İİB-nin dövlət və özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyi vurğulayıb, Azərbaycanın İİB Qrupuna daxil olan institutlarla əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.

Ölkə üzrə Əməkdaşlıq Çərçivə sənədi Azərbaycan-İİB əməkdaşlığında yeni dövrün başlanğıcı kimi dəyərləndirilib. Sənədin icrasının “yaşıl” və dayanıqlı infrastrukturun inkişafına, iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsal transformasiyaya stimul verəcəyi qeyd olunub. Bildirilib ki, sənədə uyğun olaraq görüləcək işlər tərəflər arasında əməkdaşlığı və ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyəti gücləndirəcək.

M.S.Əl-Casir Azərbaycanda həyata keçirilən islahatların və “yaşıl” iqtisadiyyata keçidlə bağlı reallaşdırılan layihələri İİB-nin dəstəklədiyini vurğulayıb. O, Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin potensial əməkdaşlıq sahələrini genişləndirəcəyini və iqtisadi artımı təşviq edəcəyini bildirib. Sənədin Azərbaycan və İİB arasında gələcək ortamüddətli əməkdaşlıq üçün əsas platforma olacağı qeyd olunub.

Görüşdə həmçinin, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi