IMF Azərbaycana dövlət müəssisələrinin kommersiya fəaliyyətini ayırmağı tövsiyə edir

Biznes
  • 10 fevral, 2024
  • 11:46
IMF Azərbaycana dövlət müəssisələrinin kommersiya fəaliyyətini ayırmağı tövsiyə edir

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan hökumətinə dövlət müəssisələrinin iqtisadiyyata böyük təsiri problemini həll etməyi tövsiyə edir.

“Report” xəbər verir ki, bu barədə Valyuta Fondunun “IMF-nin yaradılması haqqında” Sazişinin IV maddəsinə uyğun olaraq fondun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun 2023-cü ilin noyabr ayında Bakıda keçirdiyi məsləhətləşmələrin nəticələrinə dair hesabatında deyilir.

Eyni zamanda, IMF iqtisadçıları vurğulayırlar ki, rəsmi orqanlar mərkəzləşdirilmiş məlumat sistemi işləyib hazırlamaqla və əsas effektivlik göstəricilərini müəyyənləşdirməklə iri dövlət müəssisələrinin monitorinqi üçün addımlar atıb. Bu il hökumət həmçinin səkkiz dövlət müəssisəsində özəl sektorun iştirakını təmin etmək planlarını da açıqlayıb.

Daha əvvəl xəbər verildiyi kimi, 2024-cü il ərzində iri dövlət şirkətlərinin, başqa sözlə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), “AzerGold” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom), Azərbaycan Beynəlxalq Bankının (ABB) strukturlarında dövlət səhmlərinin bir hissəsinin özəl investorlara satışı ilə bağlı təkliflər hazırlanacaq.

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin bu yaxınlarda vurğuladığı kimi, hökumət özəlləşdirmə prosesinə xarici investorların cəlb edilməsində maraqlıdır, lakin onlar üçün torpaq hüququ (yalnız icarə) ilə bağlı məhdudiyyətlər qalmaqdadır.

“Təkliflərin hazırlanması doqquz ay ərzində başa çatdırılmalıdır. Söhbət birbaşa özəlləşdirmədən yox, səhm paketlərinin satışından gedir. Səhmləşmə SOCAR-ın “Azərkimya” İstehsalat Birliyi, etilen və propilen istehsalı müəssisələri, karbamid və metanol zavodları kimi strukturlarına aid ola bilər", - M. Eynullayev əlavə edib.

IMF, öz növbəsində, hələ də dövlət müəssisələrində kommersiya fəaliyyətinin qeyri-kommersiya fəaliyyətindən ayrılmasını, sonuncunun isə büdcədən maliyyələşdirilməsini tövsiyə edir. Tövsiyələrə həmçinin dövlət müəssisələrində şəffaflığın artırılması və özəl sektorun gələcək iştirakının təşviqi də daxildir. IMF İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Dünya Bankının birgə reallaşdırdığı dövlət müəssisələrində korporativ idarəetmənin qiymətləndirilməsinin nəticələrini səbirsizliklə gözləyir.

Hökumət IMF iqtisadçılarının məhsuldarlığın artırılması və dayanıqlı artımı təşviq etmək üçün struktur islahatlarının aparılmasının zəruriliyi ilə bağlı fikirləri ilə razılaşıb. Səlahiyyətlilər işgüzar mühitin yaxşılaşdırılması üzrə, o cümlədən idarəçilik islahatları və korrupsiyaya qarşı mübarizə vasitəsilə, fondla razılığa gəliblər və bu yaxınlarda açılmış Ələt Azad İqtisadi Zonası da daxil olmaqla, əmək bazarının məhsuldarlığının və iqtisadi mürəkkəbliyi yaxşılaşdırmaq səylərini vurğulayıblar.

“Onlar qeyd ediblər ki, iri dövlət müəssisələrinin maliyyə göstəriciləri artıq xeyli yaxşılaşıb. İqlim dəyişikliyi ilə bağlı narahatlıqlara gəlincə, hökumət nümayəndələri qaz emissiyaları, məşəldə yandırma və qaz ötürülməsi zamanı sızmalar da daxil olmaqla, istixana qazı emissiyalarının ən böyük mənbələrinin hədəfə alındığı və emissiyaların azaldılması üzrə planını vurğulayıblar. Hökumət qalıq yanacaqlar üçün açıq subsidiyaların az olduğunu vurğulayıb, lakin bazar qiymətlərindən aşağı qalan bəzi kommunal xidmətlərin qiymətlərinin yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu etiraf edib. Hökumət həmçinin keçidin baha başa gələcəyini bildirib və “yaşıl” layihələrə sərmayə qoymaq üçün özəl sektorun resurslarını cəlb etmək, həmçinin qalıq yanacaqlara aksiz vergiləri tətbiq etməklə büdcə gəlirlərini artırmaq səylərini qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti