Gürcüstan Azərbaycana avtomobillər üçün ehtiyat hissələrinin ixracını avqustda 63 % artırıb
- 21 sentyabr, 2024
- 13:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 1,94 milyon ABŞ dolları dəyərində 66,35 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq 36 % azdır.
Təkcə avqust ayında Azərbaycan qonşu ölkədən 287,34 min ABŞ dolları dəyərində 11,81 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar alıb. Bu, bir il əvvələ nisbətən müvafiq olaraq 36 % və 63 % çoxdur.
Beləliklə Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 21,3 %-lik payla 2-ci yerdə qərarlaşıb.
Bu ilin ilk 8 ayı ərzində Gürcüstan xarici ölkələrə 9,1 milyon ABŞ dolları dəyərində 501,7 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 5 % və 10 % azdır. O cümlədən Gürcüstan Birləşmiş Ərəb Əmirliklərinə 2,3 milyon ABŞ dolları dəyərində 236 ton, Türkiyəyə 1,39 milyon ABŞ dolları dəyərində 39,1 ton, Koreya Respublikasına 1,1 milyon ABŞ dolları dəyərində 19,35 ton, Ermənistana 1 milyon ABŞ dolları dəyərində 94 ton tədarük həyata keçirib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 13,8 milyon ABŞ dolları dəyərində 802 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 3,2 milyon ABŞ dolları dəyərində 135 tonu Azərbaycanın payına düşüb.