Bakı. 28 oktyabr. REPORt.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Qeyri-neft sahələrinin inkişafı: mebel sənayesi" mövzusunda tədbir keçirilib.
"Report"un məlumatına görə, tədbiri giriş sözü ilə açan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, ölkə başçısının dəstəyi ilə hazırda qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişaf etdirilməsi istiqamətində ciddi islahatlar aparılır: "Dövlət başçısının qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı verdiyi qərarlar bu sahənin inkişaf etməsinə böyük təkan verib. Mebel sənayesinin Azərbaycanda özünəməxsus tarixi var. Bu gün ölkədə mebel sənayesi artıq formalaşıb. Bu sənaye sahəsində Azərbaycanda bir neçə yerli şirkətlər fəaliyyət göstərir. Lakin bu şirkətlər təəssüflər olsun ki, bir-biri ilə sıx əlaqədə deyil. Bu səbəbdən ilk növbədə yerli şirkətlər arasında inteqrasiya yaratmaq lazımdır".
N.Səfərov qeyd edib ki, hazırda ölkə üzrə mebel sənayesi sektorunda 10 minə qədər işçi qüvvəsi çalışır: "Azərbaycanda güclü istehsalçılar qüvvəsi var. Bu sahənin inkişaf etdirilməsi, istehsal edilən mebelin yalnız ölkə daxilində deyil, eyni zamanda xaricə ixrac olunması daha çox insanın işlə təmin edilməsinə şərait yaradacaq. Eyni zamanda, xammal istehsalına da müsbət təsir göstərəcək. Yerli xammal komponentləri kimi şüşə, taxta və s. materialları misal göstərmək olar. Mebel sənayesini inkişaf etdirmək, istehsal olunan məhsulları təkcə ölkə daxilində deyil, xaricə ixrac etməyin yollarını araşdırıb, fikir mübadiləsi aparmaqla, ortaq tədbirlər həyata keçirmək lazımdır".
"Embawood" MMC-nin sədri Məşhur Məmmədov çıxışında vurğulayıb ki, hazırda mebel istehsalı yalnız daxili bazarın tələbatını ödəyir: "Yerli mebel şirkətləri hazırda xaricə məhsul ixrac etmək gücünə malik deyil. Azərbaycanın ən üstün cəhəti odur ki, ölkə əhalisi çox işləkdir. Yəni, xaricə məhsul istehsal etmək gücünə malik ola bilərik. Mebel istehsalında xarici bazardan aldığımız aksessuarları özümüz istehsal edib, yerli istehsalda istifadə edə bilərik. Eyni zamanda, bu xammal materiallarını Azərbaycan brendi altında dünya bazarına ixrac edə bilərik".
Tədbirdə Nazirliyin, mebel sənayesində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, ölkənin mebel bazarının illik həcmi 300-500 milyon manat təşkil edir.