Çində “Azərbaycan Ticarət Evi”ndə 45 növ məhsulun nümayişi, satışı keçiriləcək

Çində “Azərbaycan Ticarət Evi”ndə 45 növ məhsulun nümayişi, satışı keçiriləcək Aprelin 26-28-də Çinin Çindao şəhərində təşkil edilən “2021 Şanxay Əməkdəşlıq Təşkilatı (ŞƏT) Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Çindao Forumu və Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi” ərəfəsində həmin şəhərdə yerləşən Çin-ŞƏT Yerli İqtisadi v
Biznes
26 Aprel , 2021 06:40
Çində “Azərbaycan Ticarət Evi”ndə 45 növ məhsulun nümayişi, satışı keçiriləcək

Aprelin 26-28-də Çinin Çindao şəhərində təşkil edilən “2021 Şanxay Əməkdəşlıq Təşkilatı (ŞƏT) Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Çindao Forumu və Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi” ərəfəsində həmin şəhərdə yerləşən Çin-ŞƏT Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Nümayiş Zonasında (Çin-ŞƏT Nümayiş Zonası) “Azərbaycan Ticarət Evi”nin açılış mərasimi keçirilib.

Аzərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyindən “Report”a verilən məlumata görə, açılış mərasimində çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Azərbaycan-Çin ikitərəfli əlaqələrinin hazırkı inkişaf dinamikasına diqqəti yönəldib, Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin təşəbbüsü ilə 2018-ci ildə yaradılmış Çin-ŞƏT Nümayiş Zonasında “Azərbaycan Ticarət Evi”nin açılmasını iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə xüsusi töhfə verəcək hadisə kimi qiymətləndirib.

Zonanın ŞƏT ailəsinə üzv ölkələrin məhsullarının Çin bazarına daxil olmasına imkan yaratmaqla yanaşı, bu ölkələrin nəqliyyat-tranzit potensialının tam istifadəsinə təkan verəcəyindən əminlik ifadə edən səfir bu zonadan ilk yük qatarının cari ilin 31 yanvar tarixində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Bakıya yola salınmasının xüsusi əhəmiyyətini vurğulayıb. Çin-ŞƏT Nümayiş Zonasından yola salınmış bu yük qatarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Çindao Limanı arasında əlaqə yaratdığına diqqəti yönəldən səfir bu xətt üzrə gələcəkdə daha böyük həcmdə yüklərin daşınacağına inam ifadə edib.

Açılış mərasimində Çin tərəfdən əsas qonaq qismində Çindao şəhər Partiya Komitəsinin üzvü və Çin-ŞƏT Nümayiş Zonasının İdarə Heyətinin Sədri Lyu Ciəncün iştirak edib.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki Səfirliyində Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Çin-ŞƏT Nümayiş Zonasında yaradılmış və 245 kv/m sahəyə sahib “Azərbaycan Ticarət Evi”ndə ölkəmizdə istehsal olunan xalça, şərab, brendi, nar şərabı, araq, meyvə şirələri, kompot, mürəbbə, turşu, şokolad kremi, çay, badımcan kürüsü və s. olmaqla 45 növ məhsulun nümayişi və satışı həyata keçiriləcək.

Eyni gündə, rəsmi açılış mərasimindən sonra “2021 ŞƏT Yerli İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Çindao Forumu və Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi”ndə iştirak məqsədilə Çindao şəhərində səfərdə olan ŞƏT-in Baş Katibi Vladimir Norov, ÇXR Siyasi Məşvərət Şurası Milli Komitəsinin Sədr müavini Leung Chun-ying, ÇXR Xarici işlər nazirinin müavini Lı Yuçen, habelə ŞƏT ailəsinə daxil olan bir sıra ölkələrin səfirləri “Azərbaycan Ticarət Evi”ni ziyarət ediblər. “Azərbaycan Ticarət Evi”nin dizayn və daxili tərtibatı, eləcə də məhsulların çoxçeşidliliyi və keyfiyyətindən məmnunluq ifadə edən qonaqlar Ticarət Evinə uğurlu fəaliyyət arzulayıblar.

Son xəbərlər

Orphus sistemi