Çində daha bir Azərbaycan Ticarət Evi açılıb

Çində daha bir Azərbaycan Ticarət Evi açılıb Çinin Hunan vilayətinin Canciacie şəhərində Azərbaycan Ticarət Evi fəaliyyətə başlayıb.
Biznes
25 Dekabr , 2021 15:23
 Çində daha bir Azərbaycan Ticarət Evi açılıb

Çinin Hunan vilayətinin Canciacie şəhərində Azərbaycan Ticarət Evi fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, tədbirdə Canciacie şəhəri rəhbərliyi və şirkət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan-Çin ikitərəfli iqtisadi-ticarət münasibətlərinin inkişaf dinamikası haqqında danışaraq Canciacie şəhərində açılmış Azərbaycan Ticarət Evinin bu münasibətlərə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Canciaciye şəhər merinin müavini Ouyan Bin Canciacie şəhərində Azərbaycan Ticarət Evinin açılmasını əlamətdar bir hadisə kimi qiymətləndirib. O Canciacienin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

Sonra Canciacie şəhərinin meri Vanhon Bin və mərasim iştirakçıları Azərbaycan Ticarət Evi ilə tanış olublar.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki səfirliyində Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Canciacie şəhərində fəaliyyətə başlamış ticarət evinin sahəsi 300 kvadratmetrdir. Ticarət evində ölkəmizdə istehsal olunan qida və içki sənayesinə aid 50 növ məhsulun satışı həyata keçiriləcək. Ticarət evinin operatorları Çinin “Zhangjiajie Langrui” və “Sino-Foreign” şirkətləridir. Sözügedən şirkətlər birbaşa Azərbaycandan məhsul idxal edərək ticarət evində satışını həyata keçirəcək.

Bu, Azərbaycanın Çində sayca 4-cü ticarət evidir. 2018-ci ildən başlayaraq, Ticarət Nümayəndəliyi çinli tərəfdaşlar ilə birgə Şanxay, Çindao, Lyənyünqan, Lucou, Urumçi, Harbin, Cinan kimi şəhərlərdə üç ticarət evi, üç şərab evi və dörd ticarət bölməsi açmağa nail olub. Bu ticarət və şərab evləri vasitəsilə Azərbaycan məhsulları Çində təşviq edilir və onlar üçün yeni satış kanalları yaranır.

Qeyd edək ki, Çinin tanınmış turizm şəhərlərindən hesab olunan Canciacie hündür qayaları və dağ zirvələri, kanyonu da daxil olmaqla təbii landşaftı ilə məşhurdur. Məşhur “Avatar” elmi-fantastik filminin böyük hissəsi məhz Canciacie şəhərinin təbii qoruqlarında çəkilib. Həmin filmdən sonra Canciacie təkcə Çində deyil, dünyada məşhurlaşmağa başlayıb. Hər il şəhəri milyonlarla yerli və əcnəbi turist ziyarət edir. Sevindirici haldır ki, Çinin populyar turizm şəhəri olan Canciaciedə ilk açılan xarici ticarət evi məhz Azərbaycana məxsusdur.

Son xəbərlər

Orphus sistemi